Çin ABŞ-ni Tayvana silah göndərməməyə çağırdı

Dünya

14.11.2025 12:37

"Pekin ehtimal olunan silah tədarükünə görə Vaşinqtona qarşı cavab tədbirləri görəcək".

TodayPress TV xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Lin Tszyan brifinqdə açıqlama verərkən deyib.

O bildirib ki, ABŞ-nin Tayvana hərbi təchizat həyata keçirməsi, o cümlədən "F-16" qırıcıları üçün ehtiyat hissələrinin satışı “vahid Çin” prinsipinin ciddi şəkildə pozulmasıdır. Onun sözlərinə görə, Pekin milli suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri addımları atacaq.

XİN rəsmisi əlavə edib ki, Vaşinqtonun Tayvana silah göndərməsi beynəlxalq hüquqa ziddir və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yanlış siqnal verir. O qeyd edib ki, Tayvan məsələsi Çin üçün “keçilməz qırmızı xəttdir” və ABŞ bu həddi aşmamalıdır.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-dən adanın materikdən ayrılmasını təşviq edən qüvvələrə dəstək verməyi dayandırmağı, Çin-ABŞ münasibətlərinin və Tayvan boğazındakı sabitliyin qorunması üçün real addımlar atmağı tələb edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti daha əvvəl Tayvana "F-16" və "IDF" qırıcıları, eləcə də "C-130" hərbi-nəqliyyat təyyarələri üçün ehtiyat hissələrinin 330 milyon dollar dəyərində mümkün satışını təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV 

tag: Çin ,ABŞ,Silah ,Tayvan ,Todaypress.tv,