Britaniyada konserv və su satışı rekord həddə yüksəldi

Britaniyada konserv və su satışı rekord həddə yüksəldi
11.11.2026 06:59 Dünya

Britaniyada mümkün müharibə və fövqəladə hallar ehtimalı əhalinin ərzaq alışına təsir edib. Sakinlər konserv, qablaşdırılmış su və digər ilkin tələbat məhsullarının alışını artırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Worldpanel by Numerator” şirkətinin araşdırmasına istinadən “European Supermarket Magazine” (ESM) məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-də hökumətin əhalini fövqəladə hallara hazırlamağa yönələn “Be Ready” (“Hazır ol”) kampaniyasına başlamasından sonra ərzaq və gündəlik tələbat məhsullarına maraq artıb.

Araşdırmaya əsasən, kampaniyanın başlanmasından sonrakı 10 gün ərzində əl antiseptiklərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 83%, qablaşdırılmış suyun satışı 67%, konservləşdirilmiş məhsulların satışı isə 37% artıb.

Ət konservlərinə tələbat da yüksəlib. Bu məhsulları alanların sayı 43% artaraq gündəlik təxminən 400 min əlavə alıcıya çatıb.

Qeyd edək ki, Britaniya hakimiyyəti vətəndaşlara evlərində ən azı üç günlük ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edir. Həmçinin nağd pul, vacib sənədlərin surətləri, zəruri dərmanlar, portativ enerji yığma cihazları, radioqəbuledici və fənər saxlamaq məsləhət görülür.

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər