Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi
Şimali Kipr Türk Respublikası (ŞKTR) Avropa Komissiyasının icraçı vitse-prezidenti Raffaele Fittonun Kipr üzrə xüsusi nümayəndə təyin edilməsinə etiraz edib. Rəsmi Lefkoşa bu qərarı qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, ŞKTR Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda sözügedən təyinatın Kipr türk tərəfinin razılığı olmadan həyata keçirildiyi və bunun onların siyasi iradəsinə məhəl qoyulmamasını göstərdiyi bildirilib.
Nazirlik bu addımı "təxribat xarakterli" və "qəbuledilməz" adlandırıb.
Bəyanatda qeyd olunub ki, Avropa İttifaqının bu qərarı qurumun Kipr məsələsində tərəfsiz vasitəçi olmadığını bir daha ortaya qoyur. ŞKTR hesab edir ki, adada istənilən davamlı həll yalnız iki tərəfin bərabərliyi prinsipi əsasında formalaşa bilər.
Xarici İşlər Nazirliyi xatırladıb ki, Avropa İttifaqı 2004-cü ildə Kipr Rum administrasiyasını üzvlüyə qəbul etməklə Kipr türklərinin hüquq və maraqlarını nəzərə almayıb. Bəyanatda Aİ və Kipr Rum tərəfinin birtərəfli addımlarla mövcud vəziyyəti legitimləşdirməyə çalışdığı iddia olunub.
ŞKTR vurğulayıb ki, Kipr probleminin uzunmüddətli və davamlı həlli yalnız adadakı iki xalqın suveren bərabərliyi və bərabər beynəlxalq statusunun tanınmasına əsaslanan əməkdaşlıq modeli çərçivəsində mümkündür.
Jalə Rövşən