Argentinada aqrokimya zavodunda güclü partlayış və yanğın baş verdi
Dünya
15.11.2025 15:55
Argentinanın Ezeiza şəhəri yaxınlığında yerləşən Carlos Spegazzini sənaye parkında aqrokimya zavodunda güclü partlayış olub.
TodayPress TV “La Nacion”a istinadən xəbər verir ki, partlayış şok dalğası yaradıb və genişmiqyaslı yanğına səbəb olub. Hadisənin səsi paytaxt Buenos Ayresdən belə eşidilib.
Hadisə yerinə 20 yanğınsöndürmə briqadası cəlb olunub. Məlumata görə, təxminən 5 binaya ziyan dəyib. Ən azı 24 nəfər xəsarət alıb, onlardan 8-i xəstəxanaya yerləşdirilib.
Partlayış sənaye parkından cəmi 150 metr aralıda yerləşən Albanesi İstilik Elektrik Stansiyasına da təhlükə yaradıb. Rəsmilər yanğın nəzarətdən çıxarsa, bunun “böyük miqyaslı fəlakətə” səbəb ola biləcəyini bildiriblər.
Yanğının söndürülməsi hələ də davam edir. Yerli hakimiyyət orqanları prosesin mürəkkəbliyi səbəbindən əməliyyatın daha 24–36 saat çəkə biləcəyini açıqlayıb.
Ezeiza Bələdiyyə Başçısı Gaston Granados bildirib ki, alovlar əsasən şin fabriki, aqrokimya zavodu, kağız və plastik qab istehsalı müəssisələrini əhatə edir.
Jalə Rövşən
tag: Argentina, Ezeiza,Carlos Spegazzini sənaye parkı,Partlayış,Todaypress.tv,
