Almanlar Polşaya köçməyə başladı
Avropada uzun illər miqrasiya istiqaməti kimi seçilən Almaniya indi fərqli bir tendensiya ilə üzləşir. Daha yaxşı yaşayış şəraiti axtaran almanların Polşaya köçməsi iki ölkə arasındakı iqtisadi və sosial fərqləri yenidən gündəmə gətirir.
TodayPress TV “Handelsblatt” nəşrinə istinadən xəbər verir ki,onilliklər ərzində polyaklar daha yaxşı həyat qurmaq üçün əşyalarını toplayıb Almaniyaya köçürdülər.
İndi isə köç axını əks istiqamətə yönəlməyə başlayır.
Almaniyanın rəsmi statistika idarəsinin məlumatına görə ötən il təxminən 5 min alman Polşaya köçüb. Bu, pandemiyadan bəri qeydə alınan ən yüksək göstəricidir. Polşaya köçən almanların sayı Böyük Britaniya, İtaliya və Niderlanda köçənlərin sayını da üstələyib.
Köçmək qərarı verən insanlarla danışanda eyni səbəblər sadalanır: daha aşağı vergilər, daha az bürokratiya, vaxtında işləyən qatarlar və hər şeyin daha sadə göründüyü iqtisadi mühit.
Varşavaya köçən Berlin sakini bildirib ki, ətrafındakı insanların əksəriyyəti gələcəyə nikbin baxır. Halbuki Almaniyadakı dostları ilə söhbət etmək onun əhvalını aşağı salır.
Artıq Almaniya mediası da Polşanın Almaniyadan fərqli olaraq nəyi düzgün etdiyini müzakirə edir.
Məlum olur ki, Oder çayının o biri sahilində həyat həqiqətən də daha cəlbedici görünür.
Zəhra Məmmədova