ABŞ-nin İrana qarşı hərbi əməliyyatı bu tarixə qədər uzana bilər
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər davam edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset ABŞ hərbçilərinin Yaxın Şərqdə yerləşdirilmə müddətini qeyri-rəsmi şəkildə uzadır və İrana qarşı əməliyyatın bu il başa çatmaya biləcəyini nəzərə alır.
Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 19 gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri fəaliyyət göstərir. Regionda təxminən 50 min ABŞ hərbçisinin olduğu bildirilir.
WSJ yazır ki, ABŞ Prezidenti Donald Tramp isə qapalı müzakirələrdə Tehrana qarşı hərbi əməliyyatların başa çatdığını elan etmək ideyasını dəstəkləyir. Tramp hesab edir ki, İrana iqtisadi təzyiq göstərməklə Vaşinqton öz məqsədlərinə nail ola bilər.
Bununla belə, münaqişənin uzanması hərbçilərin regionda nəzərdə tutulduğundan daha uzun müddət qalmasına səbəb olub. ABŞ ordusunun hava hücumundan müdafiə qüvvələrinin standart döyüş yerləşdirmə müddəti 9 aydan 12 aya qaldırılıb.
“Spruance” və “Delbert D. Black” esminesləri əməliyyatın başlanmasından Yaxın Şərqdədir və hazırda dəniz blokadasında iştirak edir. Onların ekipajlarının aylardır sahilə çıxmadığı bildirilir.
Mənbələrin məlumatına görə, 82-ci Hava-Desant Diviziyasının bölmələri də gələn il Yaxın Şərqdə qala bilər. “Theodore Roosevelt” aviadaşıyıcısının isə regiona mümkün göndərilməsinə hazırlıq görülür və onun döyüş növbətçiliyinin 2027-ci ilin yazına qədər davam edə biləcəyi qeyd olunur.