Yusif Bağırov: “Məzhəblər arasında ayrı-seçkiliyi qabartmaq cahilliyin göstəricisidir”
Cəmiyyət
24.12.2025 13:01
“Məzhəblər arasında ayrı-seçkiliyi qabartmaq cahilliyin göstəricisidir. Bu yanaşma nə dini dəyərlərə, nə də cəmiyyətin sağlam inkişafına xidmət edir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Sabirabad rayonu mərkəzi “Heydər məscidi” dini icmasının sədr müavini Yusif Bağırov keçirilən müvafiq panel müzakirəsi zamanı çıxışında səsləndirib.
O bildirib ki, xüsusilə gənclər arasında görüşlərin təşkili, davamlı maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Yusif Bağırovun sözlərinə görə, cəmiyyətin ən həssas təbəqəsi məhz gənclərdir və əsas diqqət də onların üzərində cəmlənməlidir.
“Gənclər öz yönünü və istiqamətini düzgün müəyyən etdikdən sonra, növbəti mərhələdə mənəvi dəyərlərimizə zidd olan mövzulara maraq göstərməyəcək, hətta bu istiqamətdə axtarış aparmayacaqlar”, – deyə o qeyd edib.
Yusif Bağırov vurğulayıb ki, bu sahədə uğurun açarı dövlət qurumları, təhsil sistemi və ictimai təşkilatların birgə fəaliyyətindən asılıdır. Onun sözlərinə görə, sıx koordinasiya və əməkdaşlıq təmin olunarsa, cəmiyyət informasiya dövrünün yaratdığı risklərdən qoruna və eyni zamanda bu imkanlardan fayda əldə edə bilər.
Qiymət Mahir
tag: Yusif Bağırov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
