Yernur Aitkenov: “Qazaxıstanda dünyəvilik ədalətin və milli birliyin etibarlı təminatıdır”
Cəmiyyət
24.12.2025 11:23
“Qazaxıstanın dövlət siyasəti dünyəvi prinsiplərin bütün əsas sahələrə sistemli şəkildə tətbiqi üzərində qurulub. Bizim üçün dünyəvilik təkcə hüquqi termin deyil, eyni zamanda ədalətin və milli birliyin etibarlı təminatçısıdır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Qazaxıstanda dövlət dini birliklərlə daimi qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir və onları özünün yaxın tərəfdaşları hesab edir. Aitkenov bildirib ki, Mədəniyyət və İnformasiya Nazirliyi yanında dini birliklərin nümayəndələrinin müntəzəm toplantıları keçirilir, oxşar əməkdaşlıq mexanizmləri yerli icra hakimiyyəti orqanları səviyyəsində də tətbiq olunur:
“Yerli dini birliklərin rəhbərləri Klubu çərçivəsində aparılan bu görüşlər dinlərarası razılaşmanın qorunması, möhkəmləndirilməsi və mövcud problemlərin birgə müzakirəsi üçün mühüm platformadır. Qazaxıstan, eyni zamanda dinlərarası dialoqun inkişafına yönəlmiş bir sıra beynəlxalq təşəbbüslərlə də çıxış edir. Bu təşəbbüslər arasında ən mühümü Dünya və Ənənəvi Dini Liderlərin Qurultayının keçirilməsidir. 2003-cü ildən bu günədək artıq səkkiz belə Qurultay təşkil olunub və bu platforma artıq beynəlxalq miqyasda tanınan dialoq məkanına çevrilib”.
Aitkenov qeyd edib ki, Qurultaylarda təkcə dini liderlər deyil, həmçinin dövlət başçıları, tanınmış siyasi xadimlər, beynəlxalq təşkilatların rəhbərləri və ictimai nüfuzlu şəxslər də iştirak edir:
“Astana dini sammiti unikal platformadır. Burada mənəvi diplomatiyanın və dinlərin sülhməramlı potensialının imkanlarından istifadə edərək münaqişə şəraitində olan ölkələr və xalqlar arasında gərginliyin azaldılmasına real töhfə vermək mümkündür”.
Yernur Aitkenov əlavə edib ki, dünya dini liderlərinin bir araya gəlməsi müasir dövrün qlobal problemlərinin həllinə, müharibə və münaqişələrin dayandırılmasına, dialoq və qarşılıqlı hörmət mədəniyyətinin yayılmasına xidmət edir.
O xatırladıb ki, 17–18 sentyabr 2025-ci il tarixlərində Astanada keçirilən Dünya və Ənənəvi Dini Liderlərin VIII Qurultayı məhz bu məsələlərə həsr olunub. Qurultayın işində 59 ölkədən 96 nümayəndə heyətinin iştirak etdiyini bildirən Aitkenov, tədbir çərçivəsində Gənc Dini Liderlərin II Forumunun da təşkil edildiyini qeyd edib.
Onun sözlərinə görə, Qurultay tarixində ilk dəfə olaraq BMT Sivilizasiyalar Alyansının himayəsi altında dini obyektlərin qorunmasına həsr olunmuş Xüsusi Sessiya və Ekspert Dəyirmi Masası keçirilib.
Sonda Yernur Aitkenov Qurultay tədbirlərində müntəzəm və fəal iştirak etdiklərinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü ifadə edib.
Qiymət Mahir
tag: Yernur Aitkenov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
