Yağışlar cibimizi "yuyacaq": Hansı məhsullar bahalaşacaq?

Cəmiyyət

02.04.2026 15:51

Azərbaycanda ardıcıl və güclü yağışların təsiri nəticəsində bəzi məhsulların qiymətlərində artım müşahidə oluna bilər.

Bəs hansı məhsullar bahalaşa bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ardıcıl və güclü yağışlar Azərbaycanda xüsusilə taxıl, tərəvəz və bəzi meyvə məhsullarına təsir edə bilər. 


Onun sözlərinə görə, qarğıdalı, buğda, pomidor, kartof, soğan kimi sahələrdə suyun çoxluğu məhsulun keyfiyyətini aşağı sala və ya yığımda gecikmələrə səbəb ola bilər:

"Nəticədə, bazarda həmin məhsulların təklifində azalma yaranarsa, qiymətlərin artmaq ehtimalı yüksək olur. Bazar iqtisadiyyatı hava amillərindən müəyyən dərəcədə asılıdır, çünki kənd təsərrüfatı məhsullarının istehsalı təbii şərtlərlə bağlıdır". 

İqtisadçı əlavə edib ki, quraqlıq, dolu, güclü yağış və ya şaxta məhsulun həcminə və keyfiyyətinə birbaşa təsir göstərir:

"Ancaq digər faktorlar, məsələn, idxal, ehtiyat anbarları və logistika imkanları da qiymətlərin dəyişməsində rol oynayır. Buna görə hava amilləri təsirin bir hissəsini təşkil edir, amma tək başına qiymətləri müəyyən etmir", - deyə Akif Nəsirli qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Yağış,Qiymət artımı,Todaypress.tv,