Vladimir Fekete: “Süni intellekt əxlaqi məsuliyyət daşıya bilməz”
Cəmiyyət
24.12.2025 12:33
“Süni intellektin inkişafı dövrümüzün ən mühüm çağırışlarından biridir. Katolik Kilsəsi elmi-texniki tərəqqini diqqətlə izləyir və onu xristian antropologiyası, insan şəxsiyyətinin ləyaqəti və bəşəriyyətin gələcəyi qarşısında məsuliyyət kontekstində dərk etməyə çalışır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinariyisi, yepiskop Vladimir Fekete Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda panel müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, xristian antropologiyası İlahi Vəhyin möhkəm təməli üzərində formalaşıb və insanın Allahın surəti və bənzəri olaraq yaradılması ideyasına əsaslanır:
“Müqəddəs Yazıda yer alan “Allah insanı Öz surətində yaratdı” ifadəsi insan həyatının və ləyaqətinin mütləq və unikal dəyərini təsdiqləyir. Ağıl, azadlıq və yaradıcılıq qabiliyyəti Allahın insana bəxş etdiyi nemətlərdir. “Allahın surəti və bənzəri” anlayışı insanın fiziki təbiətini kainatla bölüşsə də, eyni zamanda həyatın, xeyirxahlığın və gözəlliyin Mənbəyini əks etdirən unikal və mənəvi varlıq olduğunu göstərir. İntellekt anlayışı dərk etmə ilə yanaşı, seçim etməyi və hər şeydən əvvəl əxlaqi seçimi nəzərdə tutur”.
O bildirib ki, süni intellekt insan ağlının məhsulu olaraq xeyirxahlığa xidmət edə bilər, lakin mənəvi təbiətə malik olmadığı üçün əxlaqi məsuliyyət daşıyıcısı deyil.
Yepiskopun sözlərinə görə, insanla süni intellekt arasındakı münasibətlərdə texnologiyanın təqdim etdiyi geniş imkanlar insanın qəbul etdiyi qərarlar və etdiyi seçimlər qarşısında öz mənəvi məsuliyyətini dərk etməsini zəiflədə bilər və bu amil xüsusilə diqqətlə nəzərə alınmalıdır.
Qiymət Mahir
tag: Vladimir Fekete,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
