Üzərinə ucuz qiymət yazırlar, əl dəyəndə "yandırır" - Marketlərin FIRILDAĞI
Cəmiyyət
28.04.2026 17:27
Son dövrlər supermarketlərdə, xüsusilə şirniyyat və şokolad bölmələrində diqqət çəkən bir məqam var ki, məhsulların qiyməti ilk baxışda olduqca ucuz görünür. Lakin sonradan aydın olur ki, göstərilən məbləğ məhsulun kiloqramına deyil, cəmi 100 qramına aiddir. Bu isə bir çox istehlakçının “ucuzluq” illüziyasına düşməsinə səbəb olur və qiymət təqdimatının etik tərəfləri ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı marketoloq Saday Əlverdiyev TodayPress TV-yə bildirib ki, bu yanaşma birbaşa satış üsulu deyil, daha çox marketinq taktikasıdır:

"Əslində bu, satış yox, daha çox marketinq strategiyasına bənzəyir. Burada ümumiyyətlə etik olmayan bir şey odur ki, əgər orada rəqəm yazılmasa, bu, aldatmaya çevrilə bilər. Amma faktiki rəqəm göstərildiyi üçün bunu sadəcə manipulyativ taktika kimi istifadə edirlər".
Marketoloqun sözlərinə görə, marketinqin etik prinsipləri, məsuliyyət, dürüstlük, ədalət və şəffaflıq kimi hallarda formal olaraq pozulmur:
"Bu prinsiplərin demək olar ki, heç biri burada basdırılmayıb. Qiymət göstərilib, sadəcə alıcı bir az diqqətli olmalıdır. Bu tip üsullar bazarda geniş yayılıb və yalnız şirniyyat sektoruna xas deyil. Görürsünüz ki, 4.99 yazırlar, amma aşağıda balaca hərflərlə "qədər endirimlər" qeyd olunur. Mağazaya daxil olursunuz və yüzlərlə məhsul arasında sadəcə biri həmin qiymətə olur. Bu və buna bənzər taktikalar marketinqdə geniş istifadə olunur. Yalan olmadığı müddətcə mübah sayılır".
Mütəxəssis vurğulayıb ki, niyyət amili burada əsas rol oynayır. Əgər məqsəd açıq şəkildə istehlakçını aldatmaqdırsa, bu artıq etik çərçivədən kənara çıxır:
"Əgər proses müştərini yanlış yönləndirib manipulyasiya etməyə yönəlibsə, bu etik deyil. Məsələn, məlumatı kiçik hərflərlə yazmaqla diqqətdən yayındırmaq kimi üsullar varsa və bu niyyət sübut edilərsə, bu artıq problemdir. Amma digər hallarda taktika taktikadır və bunu sübut etmək də həmişə mümkün olmur", - deyə Saday Əliverdiyev fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Saday Əlverdiyev,Marketoloq,Marketlər,Fırıldaqlıq,Todaypress.tv,
