Sürücülük vəsiqəsinin yaş limiti qaldırılsın - TƏKLİF
Cəmiyyət
03.03.2026 15:16
“İkitəkərli mopedlərin iştirakı ilə baş verən qəzaların sayı artdığına görə A1 alt kateqoriyasının 16 yaş üçün tətbiqi ləğv edilərək yaş həddi 18-ə qaldırılmalıdır”.
Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.

Onun sözlərinə görə, yol polislərinin də xidməti motosikletlərinin sayı artırılmalıdır:
“Dövlət qeydiyyat nişanının kiçik ölçüdə olsa belə, ön tərəfdə də yerləşdirilməsi məqsədəuyğun olardı ki, məsuliyyət hissi artsın. 26-dan etibarən moped idarə edən şəxslərdən sürücülük vəsiqəsinin tələb olunması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi və sistemli dəyişiklik hesab oluna bilər. Bu qərar ilk baxışda sadə inzibati tələb kimi görünsə də, əslində bir neçə mühüm istiqamətdə müsbət nəticələr verə bilər”.
Ekspert vurğulayıb ki, ilk növbədə, sürücülük vəsiqəsi almaq üçün nəzəri və praktiki imtahanların verilməsi məcburidir. Bu isə o deməkdir ki, moped sürən şəxs yol hərəkəti qaydalarını rəsmi şəkildə öyrənmiş və imtahandan keçmiş olacaq:
“İndiyədək moped idarə edənlərin bir hissəsi heç bir rəsmi təlim keçmədən, yol nişanları və üstünlük qaydaları barədə tam məlumata malik olmadan hərəkətdə iştirak edirdi. Vəsiqə tələbi bu boşluğu aradan qaldırır və hüquqi məsuliyyət anlayışını gücləndirir”.
Digər vacib məqamın intizam və nəzarət mexanizminin güclənməsi olduğunu bildirən Adil Nəbiyev qeyd edib ki, sürücülük vəsiqəsi olan şəxs cərimə balları sistemi ilə üz-üzə qalır. Bu isə qayda pozuntularının azalmasına psixoloji və hüquqi təsir göstərir:

“Məsuliyyət hissi artdıqca, təhlükəli manevrlər, qəfil zolaq dəyişmələri, svetofora məhəl qoymamaq kimi halların azalması gözlənilir. Bu qərar həmçinin yaş məhdudiyyətinin və sağlamlıq meyarlarının tətbiqinə şərait yaradır. Vəsiqə alan şəxs müəyyən edilmiş minimum yaş həddini keçməli və tibbi arayış təqdim etməlidir. Nəticədə azyaşlı və ya səhhəti uyğun olmayan şəxslərin nəqliyyat vasitəsini idarə etməsinin qarşısı alınır. Bu da xüsusilə şəhərdaxili hərəkətdə risk faktorunu azaldır.
Sığorta və hüquqi məsuliyyət məsələləri də daha şəffaf hala gəlir. Qəza baş verdikdə sürücünün kimliyi və hüquqi statusu aydın olur. Bu, həm zərərçəkən tərəfin hüquqlarının qorunması, həm də sığorta mexanizmlərinin işləməsi üçün vacibdir”.
Mütəxəssisin fikrincə, bu qayda mopedləri “oyuncaq nəqliyyat vasitəsi” kimi qəbul edən yanaşmanı dəyişdirərək onları yol hərəkətinin tamhüquqlu iştirakçısı kimi hüquqi çərçivəyə salır. Nəticədə yol hərəkəti mədəniyyətinin formalaşmasına, qəza risklərinin azalmasına və nəqliyyat sistemində daha balanslı idarəetməyə töhfə verə bilər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, moped sürücülərinin digər hərəkət iştirakçıları kimi məsuliyyətlərini dərk etmələrinin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunmasının gücləndirilməsi məqsədilə normativ-hüquqi bazaya dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, 2026-cı il martın 26-dan moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı (dövlət nömrə nişanı) məcburi olacaq.
Türkan İsgəndərli
tag: Ekspert,Adil Nəbiyev,İmtahan,Sürücü,Todaypress.tv,
