Səbinə Əliyeva: “Konstitusiya insan hüquq və azadlıqlarının ali dəyər olduğunu təsbit edir”
Cəmiyyət
24.12.2025 11:01
“Məlumdur ki, yola saldığımız 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdi. İnsan hüquq və azadlıqlarının ali təminatçısı olan Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını əsas dəyər kimi təsbit edib və ölkəmizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsi üçün hüquqi baza rolunu oynayıb”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.
Ombudsman bildirib ki, dünyəvi dövlət olan Azərbaycanda dövlət və din münasibətlərinin əsasları Konstitusiya səviyyəsində müəyyən edilib:
“Bütün dini etiqadların qanun qarşısında bərabərliyi, hər kəsin vicdan azadlığına malik olması, heç bir halda heç kəsin dinini, vicdanını, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməməsi və buna görə təqsirləndirilməməsi Konstitusiyada açıq şəkildə öz əksini tapıb. Konstitusiyanın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsində dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminatı verildiyi qeyd olunub. Milli qanunvericilikdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların yayılması və təbliği qadağan edilib”.
Ombudsman vurğulayıb ki, dini mənsubiyyətlə bağlı bu prinsiplər Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiq olunur. Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən məscidlərə, kilsələrə və sinaqoqlara dövlət tərəfindən davamlı dəstək göstərilməsi, multikulturalizmin mənəvi irsimizi zənginləşdirən əsas amillərdən biri kimi təbliğ olunması bu siyasətin praktik nəticəsidir.
Qiymət Mahir
tag: Səbinə Əliyeva,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
