Səbinə Əliyeva: “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır”

Cəmiyyət

24.12.2025 10:50

“Böyük qürur hissi ilə qeyd edə bilərəm ki, ölkəmiz bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Ombudsman bildirib ki, tarix boyu azərbaycanlıların həyat tərzi olmuş multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Onun sözlərinə görə, bu dəyərlər cəmiyyətdə qarşılıqlı hörmətin, etimadın və sosial harmoniyanın möhkəmlənməsinə mühüm töhfə verir.

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu istiqamətdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi üçün mühüm tədbirlər həyata keçirir. O bildirib ki, son illərdə ölkəmiz bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib.

Ombudsman vurğulayıb ki, bugünkü Forum çərçivəsində müzakirə olunacaq məsələlər və səsləndiriləcək məruzələr dinlərarası effektiv dialoqun qurulması, dövlət-din münasibətlərinin konstitusion norma və prinsiplər əsasında daha səmərəli təmin olunması, eləcə də mövcud müsbət təcrübələrin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV

tag: Səbinə Əliyeva,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,