Safi Arpaquş: “İslam bütün insanların əsas hüquq və azadlıqlarını toxunulmaz hesab edir”

Cəmiyyət

24.12.2025 10:42

“Yer üzündə sülh və təhlükəsizlik mühitinin təmin olunması yalnız əsas hüquq və azadlıqların təminat altına alınması ilə mümkündür. Bu səbəbdən İslam bütün insanların yaradılışdan malik olduqları hüquq və azadlıqları din, dil, irq və cinsiyyət fərqi qoymadan toxunulmaz qəbul edir”.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, İslam bu hüquqlara yönələn haqsız müdaxilələrə qarşı dini, hüquqi və əxlaqi müeyyidələr müəyyən edib. Safi Arpaquşun sözlərinə görə, İslam sivilizasiyasında “zərurəti-həmsə” kimi tanınan canın, malın, ağlın, nəslin və dinin qorunması əsas prinsip hesab olunur və Qurani-Kərimdə, eləcə də sünnədə ortaya qoyulan bütün qayda və ölçülər məhz bu dəyərlərin müdafiəsinə xidmət edir.

O qeyd edib ki, İslamın ali dəyərlərini bəşəriyyətə çatdıran bütün peyğəmbərlər də insanların can, mal, ağıl, nəsil və din sahəsindəki azadlıqlarını təmin etmək üçün daim səy göstəriblər.

Qiymət Mahir

TodayPress TV

tag: Safi Arpaquş,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,