Safi Arpaquş: “İctimai sülhün və barışın ən güclü təminatı ədalətdir”
Cəmiyyət
24.12.2025 10:47
“Əsas hüquq və azadlıqların, eləcə də ictimai sülh və barışın ən güclü təminatı, heç şübhəsiz, ədalətdir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda səsləndirib.
O bildirib ki, Uca Allah bir çox ayədə insanları ədalətli olmağa və hər zaman haqqı ayaqda tutmağa çağırır, hətta hansısa bir topluluğa qarşı duyulan qəzəbin belə ədalətsiz davranışa səbəb ola bilməyəcəyini açıq şəkildə bəyan edir. Safi Arpaquşun sözlərinə görə, İslam müsəlmanların prinsipial olaraq daim sülhün, təhlükəsizliyin və ictimai harmoniyanın tərəfdarı olmasını tələb edir.
Diyanət İşləri İdarəsinin sədri vurğulayıb ki, İslam ictimai sülhü təhdid edən davranışları “şeytanın addımları” kimi qiymətləndirir və möminləri zorakılıq, təzyiq və təhdid kimi hallardan çəkindirir. O əlavə edib ki, hər bir müsəlman bütün insanların hüquq və azadlıqlarını müqəddəs bilməli, dünyada hər kəsin sülh və təhlükəsizlik şəraitində ləyaqətli həyat sürməsi üçün çalışmağı öz inancının tələbi hesab etməlidir.
Qiymət Mahir
tag: Safi Arpaquş,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
