Robotik əməliyyat edilən şəxsin vəziyyəti açıqlandı
Cəmiyyət
22.01.2026 16:54
"Bu mühüm mərhələyə gəlmək uzunmüddətli və mərhələli hazırlıq prosesi tələb edib".
TodayPress TV xəbər verir ki, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov robotik cərrahiyyə platforması ilə həyata keçirilən ilk əməliyyatla bağlı açıqlama verib.
Onun sözlərinə görə, hazırlıq işləri, kadrların yetişdirilməsi və robotik sistemin qurulması xeyli vaxt alıb:
"Nəticədə bu prosesi uğurla gerçəkləşdirdik. İlk robotik əməliyyat 22 yaşlı gənc xəstə üzərində öd kisəsinin çoxsaylı polipozu diaqnozu ilə icra olunub. Robotik xolesistektomiya əməliyyatı təxminən 1 saat davam edib və hər hansı ağırlaşma qeydə alınmayıb. Əməliyyat çox uğurlu keçdi, xəstənin vəziyyəti stabildir, hazırda palatadadır və özünü yaxşı hiss edir".
Eldar Əhmədov robotik cərrahiyyənin üstünlüklərinə də toxunaraq bildirib ki, bu texnologiya yüksək dəqiqlik, 3D görüntü, əməliyyat sahəsinin 10-12 dəfə böyüdülməsi və cərrah üçün daha rahat iş şəraiti yaradır. Bu isə həm həkim, həm də pasiyent üçün təhlükəsizliyin maksimum səviyyədə təmin olunmasına imkan verir.
Türkan İsgəndərli
tag: Eldar Əhmədov,TƏBİB,Tədbir,Çıxış,Todaypress.tv,
