Rəvan Həsənov: “Multikulturalizm artıq Azərbaycanın ali təhsil modelinin tərkib hissəsidir”

Cəmiyyət

24.12.2025 12:49

“2015-ci ildə ölkə rəhbərliyinin tövsiyəsi ilə Azərbaycanda ali təhsil müəssisələrində multikulturalizm fənni bakalavriat və magistratura pilləsində tədris olunmağa başlayıb və bu proqram 27 dünya universiteti ilə qarşılıqlı müqavilələr əsasında tədris planlarına inteqrasiya edilib”.

TodayPress TV xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov müvafiq panel müzakirəsi zamanı deyib.

O bildirib ki, müasir dövrdə süni intellekt və texnologiyalar gənclərin məlumat əldə etməsini xeyli asanlaşdırsa da, xüsusilə dini biliklərin öyrənilməsində mənbələrin düzgün seçilməsi və məlumatların ayırd edilməsində diqqətli yanaşma vacibdir. Rəvan Həsənovun sözlərinə görə, yanlış və etibarsız mənbələr gənclərin dünyagörüşünə mənfi təsir göstərə bilər.

İcraçı direktor qeyd edib ki, Azərbaycanın təhsil sistemi gənclərin həm dünyəvi, həm də dini biliklər əsasında balanslı şəkildə formalaşmasına imkan yaradır. Bu kontekstdə qarşıya çıxan çağırışların davamlı olaraq müzakirə edildiyini vurğulayan Rəvan Həsənov, multikulturalizm modelinin məhz maarifləndirmə və düzgün təhsil siyasəti üzərində qurulduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycanda multikultural dəyərlərin təhsil vasitəsilə ötürülməsi gənc nəslin sağlam düşüncə, tolerantlıq və qarşılıqlı hörmət ruhunda yetişdirilməsinə mühüm töhfə verir.

Qiymət Mahir


TodayPress TV

tag: Rəvan Həsənov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,