Raket və bomba partlayışları: Regionda GÜCLÜ ZƏLZƏLƏ gözlənilir?

Cəmiyyət

06.03.2026 12:44

Azərbaycanda, İranda və Türkiyədə baş verən zəlzələlər, raket və ağır bomba partlayışlarının seysmik proseslərə təsir edib-etməməsi məsələsini gündəmə gətirir.  

Bu barədə TodayPress TV-yə danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, regionda zəlzələlərin baş verməsi ilk növbədə ərazinin seysmik aktivliyi ilə bağlıdır.  

Onun sözlərinə görə, həmin ərazilər aktiv seysmik zonalarda yerləşir və bu səbəbdən həmin bölgələrdə mütəmadi olaraq zəlzələlər qeydə alınır.  

Seysmoloq həmçinin əlavə edib ki, ağır tonnajlı bombaların və güclü raket partlayışlarının müəyyən təsiri istisna edilmir: 

"Belə partlayışlar güclü silkələnmə yaradır və əgər yer qabığında hansısa ocaqda gərginlik artıq toplanıb, deformasiya vəziyyəti yaranıbsa, bu cür təsirlər həmin prosesi sürətləndirə bilər. Yəni, zəlzələnin baş verməsi üçün artıq "hazır" vəziyyətdə olan ocaqlarda belə silkələnmələr müəyyən mənada prosesi tezləşdirir".

Baş direktor vurğulayıb ki, hər bir güclü partlayış ətraf mühitdə ciddi vibrasiya yaradır.

"Əgər yer qabığındakı qırılma zonasında gərginlik kritik həddə yaxınlaşıbsa, bu vibrasiya həmin ocağı "oyadaraq" zəlzələnin baş vermə ehtimalını artıra bilər. Bu səbəbdən də elm adamları bu ehtimalı tamamilə inkar etmirlər. Belə halların baş verməsi praktiki olaraq mümkündür və müəyyən hallarda partlayış dalğalarının seysmik proseslərə təsir göstərməsi barədə elmi müzakirələr mövcuddur", - deyə Qurban Yetirmişli qeyd edib.

Xatırladaq ki, fevralın 28-də Azərbaycanda, martın 3-də İranda, 6-da isə Türkiyədə zəlzələ baş verib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qurban Yetirmişli,Baş Direktor,Zəlzələ,Region,Todaypress.tv,