İlham Əliyevin Atatürk haqqında yazdıqları Türkiyə mediasında gündəm oldu

İlham Əliyevin Atatürk haqqında yazdıqları Türkiyə mediasında gündəm oldu
19.10.2026 13:58 Təhlil

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Anıtqəbirdə Xatirə dəftərinə yazdığı səmimi və təsirli qeydlər qardaş ölkənin ictimaiyyətində və mediasında geniş əks-səda doğurub. Türkiyəli yazar və ziyalılar bu addımı iki ölkə arasındakı sarsılmaz birliyin növbəti təcəssümü kimi qiymətləndiriblər.

Xüsusilə son vaxtlar diplomatik protokol məsələləri ətrafında sosial mediada aparılan bəzi əsassız müzakirələrə cavab olaraq türkiyəli ictimai xadimlər və yazarlar keçmişdə yaşanan protokol qalmaqallarını yada salıb, İlham Əliyevin Türk dünyasına və Atatürk mirasına göstərdiyi yüksək ehtiramı nümunə göstəriblər. Bildirilib ki, vaxtilə Türkiyənin dövlət protokoluna etinasızlıq göstərən bəzi xarici liderlərin əksinə, Azərbaycan Prezidenti hər zaman Mustafa Kamal Atatürkün xatirəsi qarşısında dərin hörmətlə baş əyir, Türkiyə ilə qardaşlıq bağlarını ən ali səviyyədə qoruyur.

Sosial şəbəkələrdə geniş yayılan və bəyənmə toplayan həmin yazıda İlham Əliyev qeyd edib:

 "Türk dünyasının böyük övladı, istedadlı sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən dərin ehtiramla anıram. Ulu Öndər Mustafa Kamal Atatürk 100 il bundan əvvəl ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə qızıl hərflərlə əbədi həkk etmişdir.

Mustafa Kamal Atatürkün banisi olduğu dövlətin bugünkü inkişaf səviyyəsini, rifahını, qüdrətini və qlobal miqyasdakı nüfuzunu görməkdən qardaş Azərbaycanın Prezidenti kimi xüsusi qürur duyuram.

Xalqlarımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qorumaq, gələcək nəsillərə ötürmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirib möhkəmləndirmək iki ölkə qarşısında duran ən ali vəzifədir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır. Ruhu şad olsun!"

Türkiyə KİV-i və sosial media istifadəçiləri bu sözləri Azərbaycan və Türkiyə arasındakı "bir millət, iki dövlət" fəlsəfəsinin və strateji müttəfiqliyin ən güclü bəyanı kimi vurğulayırlar.

İsmayıl Şahlı

TodayPress TV 

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər