Psixoloqdan DEPUTATA: "300 manatla bir uşağı necə saxlamaq olar?!”

Cəmiyyət

04.03.2026 15:16

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, boşanmaların sayı artır və bir çox qadın məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanır. 

Psixoloq Samirə Bağırova millət vəkilinin fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib ki, “burada “toxun acdan xəbəri olmaz” deyimi yerinə düşür:

“Bir var yalnız statistikaya əsasən boşanma faktorunu görmək, bir də var sosial məsələlərin içində olmaq, dərindən maraqlanmaq, araşdırmaq və fikir bildirmək. 

Fazil Mustafa qeyd edir ki, qadın aliment almaq üçün boşanır. Əgər bir qadın sırf bu məqsədlə boşanırsa, demək ki, kişi maddi cəhətdən ailəni sıxıntıda saxlayır və üstəlik, qısqanclıq səbəbindən xanımının işləməyinə icazə vermir.  

Ailə dolandıra bilməyən və yetkin yaşa çatmış bir kişi niyə ailə məsuliyyətini dərk etmədən evlənir? Cavab: cinsi istəyini daha rahat şəkildə təmin etmək üçün”.

Psixoloq vurğulayıb ki, qızlar demək olar ki, ailə və uşağa sahib olmaq arzusunda olurlar: 

“Müasir dünya qaydalarına görə, bu gün təhsil, iş və karyera birinci pillədə, ailə ikinci planda olsa da, yenə də önəmlidir. Çünki bu günün qadını nənələr, xalalar və anaları kimi maddi çətinliyi, “kişi əlinə baxmağı”, şiddət və təhqiri qəbul etmir. Qadın hüquqları inkişaf etdikcə, öz gücünə arxayın olmağa başlayıb və hər hansı bir kişinin ödədiyi alimentdən, bəzən daha çox qazanmağa qadirdir.

Sual yaranır: Azərbaycanın ortalama maaşı və aliment qanununa əsas məbləği nəzərə alsaq, aylıq təxminən 300-350 manat aliment tək bir uşağın yeməyi, geyimi, təhsili və xəstələndikdə dərman xərclərini qarşılaya bilərmi? Fazil Mustafadan bunu soruşmaq lazımdır”.

Samirə Bağırova qeyd edib ki, heç bir qadın xoşbəxt olduğu yuvasından getmir:

“Amma cahil sayının çoxluğunu nəzərə alsaq, tutalım, hansısa Aran zonasında və ya qəsəbədə maddi çətinlik çəkən bir qadın deputatların “qadın aliment almaq üçün boşanır” kimi fikirlərinə uyaraq boşanmağa məcbur qala bilər. Bu, qaçınılmaz bir faktordur”.

Türkan İsgəndərli

tag: Samirə Bağırova,Psixoloq,Fazil Mustafa,Deputat,Todaypress.tv,