Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür

Özünüzə nəyi arzu edirsinizsə, başınıza da o gəlir: Ölüm istəyənə ölüm, yaşam istəyənə ömür
18.06.2026 16:55 Cəmiyyət

Son vaxtlar sosial şəbəkələrdə yayılan iki hadisə bir çox insanı düşündürüb. Dilimizin ucundan çıxan sözlərin, çəkilən videolarda deyilən cümlələrin sonradan real həyatda necə gerçəkləşdiyi sual doğurur.

TodayPress TV xəbər verir ki, bir neçə il əvvəl Nikosayağı ləqəbi ilə tanınan bloqer Nicat Şakirli tez-tez avtomobil qəzaları haqqında videolar çəkirdi. 

Dramatik səhnələr qurur, insanları diqqətli olmağa çağırırdı. Amma ironiya ondadır ki, bir müddət sonra həmin gənc real həyatda oxşar qəzaya düşdü. Nəticədə dostunu və bir qolunu itirdi.

Bu günlərdə isə daha faciəli hadisə baş verdi. 17 yaşlı Zəhra Mehdiyeva motosiklet qəzasında həyatını itirdi. Hadisədən əvvəl çəkdiyi videoda təxminən 10 il əvvəlki halı ilə danışaraq, "Motosiklet almışam, qəza da etmişəm, amma ölməmişəm. Onsuz da hamı əvvəl-axır öləcək də...” sözlərini işlədib.

Bu sözlər indi çoxlarına qəribə və təsadüfi görünmür. Əksinə, insanlar arasında "ağızdan çıxan sözün reallaşması” haqqında müzakirələr genişlənib.

Psixoloqlar belə hallara "özünü doğruldan peyğəmbərlik" deyirlər. Yəni insanın tez-tez təkrarladığı fikirlər, inamlar həyatına təsir edir. 

Eyni zamanda xalq arasında belə inam da var ki, sözün özü müəyyən enerji daşıyır. Qədim ənənələrdə, dini inanclarda və müasir həyatda da dilə sahib olmağın vacibliyi vurğulanır. Azərbaycan folklorunda "Bir sözü qırx gün desən (və ya qırx dəfə təkrarlasan) gerçək olar", ifadəsi də boşuna işlənməyib.

Yəqin ki, "manifest" sözünü artıq çox adam bilir. Bu düşüncə gücü, insanın öz hədəflərini, istəklərini və xəyallarını eləcə də ağzından çıxan sözlərin real həyata keçirməsi prosesidir.

Bu kimi fərziyyələrə inanmayanlar isə buna psixoloji təsir deyir. Məsələn, universitetə hazırlaşan tələbə "qəbul olmayacam" deyirsə, inamını itirirsə, onun uğurlu olma ehtimalı azalır. 

Əlbəttə, həyatda qarşımıza çıxan bütün hadisələr sözlərə görə baş vermir. Amma həyata daha müsbət baxıb, ifadələr işlətsək, həyatımıza daha yaxşı təsir edə bilərik.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər