Müzəffər Kamilov: “Azərbaycanın dövlət-din modeli sosial sabitliyin mühüm təminatıdır”

Cəmiyyət

24.12.2025 11:05

“Qloballaşma şəraitində informasiya məkanının genişlənməsi, miqrasiya proseslərinin intensivləşməsi və dinin siyasiləşməsi fonunda dövlət və din arasında tarazlaşdırılmış münasibətlərin təmin edilməsi sosial sabitliyin və milli təhlükəsizliyin əsas amillərindən birinə çevrilir”.

TodayPress TV xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu baxımdan Azərbaycanın təcrübəsi xüsusi diqqətə layiqdir. Müzəffər Kamilovun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət prinsiplərinə sadiqliyini qoruyaraq ardıcıl və səmərəli şəkildə dini tolerantlığı və vicdan azadlığını təmin edir. Bu model dövlətin bütün konfessiyalara qarşı bərabər, qərəzsiz və ədalətli münasibətini ifadə edir, cəmiyyətdə dini həmrəyliyin, qarşılıqlı hörmətin və sosial sabitliyin möhkəmlənməsinə xidmət edir.

Müzəffər Kamilov xüsusilə vurğulayıb ki, Azərbaycan cəmiyyətində dinlərarası razılaşma mühitinin formalaşdırılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyx Allahşükür Paşazadənin xidmətləri böyükdür. Onun sözlərinə görə, bu gün müasir Özbəkistanda Paşazadə adını tanımayan müsəlman demək olar ki, yoxdur.

O qeyd edib ki, Özbəkistan və Azərbaycan xalqlarını ümumi tarixi köklər, türk mədəni məkanı və zəngin mənəvi irs birləşdirir. Buxara və Səmərqənd, Gəncə və Naxçıvan kimi elm və maarif mərkəzləri vasitəsilə alimlərin tarixən sıx əlaqədə olduğunu bildirən Müzəffər Kamilov, Nizami Gəncəvi və Əlişir Nəvainin irsinin iki ölkə arasında möhkəm sivilizasiya körpüsü yaratdığını vurğulayıb.

Onun sözlərinə görə, bu düşünülmüş və sistemli siyasətin həyata keçirilməsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə iradəsi və səyləri həlledici rol oynayır. Müzəffər Kamilov bildirib ki, aparılan islahatlar nəticəsində hər iki ölkədə dövlət–din münasibətləri sahəsində konstitusion normalara ciddi riayət olunur, milli və dini dəyərlər qorunur, dini ekstremizm və radikalizmə qarşı qətiyyətli mübarizə ardıcıl şəkildə həyata keçirilir.

O yekun olaraq qeyd edib ki, bu gün Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun ən mühüm regional və beynəlxalq mərkəzlərindən biri kimi tanınır.

Qiymət Mahir

TodayPress TV

tag: Müzəffər Kamilov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,