Millət vəkili: “Dində sənin adın müsəlmandırsa, niyə özünü məzhəblə tanıdırsan?”

Cəmiyyət

24.12.2025 13:04

“Dövlət dini necə öyrənməyi öz öhdəliyi saymır. Hər kəsin öz müqəddəs kitabı var və onu haqlı hesab edir. Ənənələr isə kitabın prinsiplərinə zidd olmamalıdır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisdə İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, deputat Fazil Mustafa Din Xadimlərinin II Forumunda panel müzakirələr zamanı səsləndirib.

O vurğulayıb ki, İslam zorakılığı təbliğ etmir və sağlam mənbə kimi Qurani-Kərim əsas götürülməlidir. Fazil Mustafanın sözlərinə görə, Quranda zorakılıq anlayışı yoxdur və dini dəyərlər insanın iradəsinə zidd şəkildə tətbiq edilə bilməz:

“Kimisə zorla hicaba yönəltmək, zorla hansısa davranışı etdirmək dinin tələbi deyil. Hər kəsin seçimi azad olmalıdır. Əks halda, dini hansısa formada savaş vasitəsinə çevirilir”. 

Fazil Mustafa bildirib ki, din insanın daxilində hüzur yaratmalı, onu aqressiyaya deyil, mənəvi tarazlığa yönəltməlidir. Onun sözlərinə görə, insan ətraf mühitə və radikal təsirlərə qarşı immuniteti özü formalaşdırmalıdır və bunun əsas yolu təhsildir.

“Dində sənin adın müsəlmandırsa, niyə özünü məzhəblə tanıdırsan? Məhz bu səbəbdən Azərbaycanda din sahəsində maarifləndirici və sistemli işlər görülür”, – deyə Fazil Mustafa çıxışında bildirib.

Qiymət Mahir

TodayPress TV

tag: Fazil Mustafa,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,