Həmid Herisçidən NƏ XƏBƏR VAR?

Cəmiyyət

04.03.2026 12:43

“Həmid Herisçi ilə ancaq İranda müharibə başlayan gün danışa bilmişəm”. 

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavini, yazıçı Həmid Herisçinin həyat yoldaşı, jurnalist İlhamiyyə Rza bunu TodayPress TV-yə danışarkən bildirib.

"Dedi ki, Təbrizdə sakitlikdir. Təbrizə səfəri şəxsi idi, yəni ezamiyyət deyildi. Həmid təbrizlidir və ora tez-tez gedib-gəlir. Bu, birinci dəfə deyil. İranla əlaqə qurmaq mümkün deyil deyə hazırda danışa bilmirik”. 

Jurnalist əlavə edib ki, Həmid Herisçi ölkəyə qayıtmaq istəmir:

“Quru sərhədlər açıqdır. Həmid gəlmək istəsə, gələr. Ancaq gəlmir. Əslində, Həmid bir həftəlik getmişdi və bir həftədən sonra qayıtmalı idi. Yəqin ki, planlaşdırdığı vaxtda qayıtmaq istəyir. Düzdür, mən dedim ki, təcili qayıtsın. Ona məlumat verdim, çünki baş verənlərdən xəbəri yox idi. Dedim ki, quru yollar açıqdır. Naxçıvandan gələ bilərsən, dostların da səni Naxçıvanda gözləyir. İstəsən, bir-iki gün də orada qala bilərsən. O isə dedi ki, yox, orda hadisələri müşahidə edir. Yazı-pozu adamı üçün bu, bir fürsətdir", - deyə o əlavə edib.

Xatırladaq ki, Həmid Herisçi çağdaş Azərbaycan ədəbiyyatında modernist və postmodernist istiqamətin tanınmış nümayəndələrindən biridir. O, yazıçı, publisist, teleaparıcı və ictimai fikir adamı kimi fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavinidir və bu çərçivədə Güney Azərbaycanda ədəbi proseslərin izlənməsi və əlaqələrin qurulması ilə məşğul olur. 

Türkan İsgəndərli

tag: Həmid Herisçi,İlhamiyyə Rza,İran,Müharibə,Todaypress.tv,