Gürcüstanda nə baş verir? - Azərbaycanlı gənc qızların müəmmalı ölümləri

Cəmiyyət

20.04.2026 13:29

Bu gün yayılan daha bir gənc qızın ölüm xəbəri cəmiyyətdə dərin narahatlıq və kədər doğurub. 

Məsələ ilə bağlı hüquqşünas Elmar Həsənli TodayPress TV-yə açıqlamasında bildirib ki, baş verən faciə təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin ağrısı kimi qiymətləndirilməlidir.


Onun sözlərinə görə, oxşar hadisələr əvvəllər də baş versə də, cəmiyyət tərəfindən kifayət qədər dərindən təhlil olunmur:

"Bundan əvvəl özünü Kür çayına atan tələbə qızın taleyinə biganə yanaşmağımız bu gün yaşanan faciələrin əsas səbəblərindən biri kimi qiymətləndirilə bilər. Həmin hadisə zamanı geniş ictimai müzakirələr aparılsa da, sonradan məsələ unuduldu".

Hüquqşünas əlavə edib ki, bu gün də oxşar tendensiya müşahidə olunur. Hadisələr qısa müddətli emosional reaksiyalarla müşayiət edilir, sosial mediada geniş yayılır, lakin problemin köklü səbəbləri araşdırılmır və nəticə çıxarılmır:

"Bu yanaşma cəmiyyətdə laqeydliyin artmasına gətirib çıxarır. Nəticədə isə bu cür faciələr təkrarlanır və yeni insanlar həyatını itirir".

E. Həsənli vurğulayıb ki, bu hadisələr yalnız hüquqi məsuliyyət çərçivəsində deyil, eyni zamanda mənəvi və ictimai məsuliyyət baxımından da qiymətləndirilməlidir. Onun sözlərinə görə, baş verənlər cəmiyyət olaraq məsuliyyət hissinin zəifləməsinin acı nəticəsidir.

Qeyd edək ki, Marneuli rayon sakini 24 yaşlı Aysun Quliyevanın meyiti kirayə yaşadığı evdə aşkar olunub.

Bildirilib ki, aprelin 18-i ailə üzvləri Tbilisidə Aysunla birgə olublar. Onlar məskunlaşdıqları rayona qayıtdıqdan sonra gənc qızın rəfiqəsi Aysunun yaşadığı evin qapısının bağlı olduğunu, onunla əlaqə saxlaya bilmədiyini deyib. Qapı açıldıqdan sonra A.Quliyevanın meyiti aşkar edilib.

Onun həyatına qəsd etməsi ehtimal olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elmar Həsənli,Hüquqşünas,Gürcüstan,Ölüm,Todaypress.tv,