Firudin Qurbanov: “Tolerantlıq bizim qanımızdadır və bunu qorumalıyıq”
Cəmiyyət
24.12.2025 12:24
“Bizim ölkədə müxtəlif dinlərə və onların irslərinə hər zaman hörmətlə yanaşılıb. Bu gün də Şəkidə Alban kilsəsi qalır, insanlar bu tarixlə tanış olurlar. Paytaxtımızın ən gözəl yerində erməni kilsəsini qoruyub saxlamışıq. Bu bizim tolerantlığımızı göstərir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, tolerantlıq Azərbaycan cəmiyyətinin dərin köklərə malik mənəvi xüsusiyyətidir və bu dəyərin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Firudin Qurbanovun sözlərinə görə, ölkəmizdə müxtəlif dinlərin məbədlərinin qorunub saxlanılması və onların tarixi irs kimi yaşadılması bu siyasətin real təzahürüdür.
Nazir müavini çıxışında müasir texnologiyaların yaratdığı çağırışlara da toxunub. O bildirib ki, internet və süni intellekt vasitəsilə geniş informasiya imkanları yaransa da, bəzən bu mühitdə yayılan məlumatlar gənclərin və uşaqların tərbiyəsinə mənfi təsir göstərə, hətta radikalizmə yol aça bilər.
“Bu məsələyə çox ciddi yanaşmalıyıq. Bəzi ölkələr artıq sosial şəbəkələrdən istifadəni məhdudlaşdırır, müəyyən platformalara girişə qadağalar tətbiq olunur. Biz də öz məsuliyyətimizi dərk edərək birgə səy göstərməliyik”, – deyə Firudin Qurbanov qeyd edib.
O xüsusi vurğulayıb ki, uşaqların tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edir:
“Bu gün uşaqdırsa, sabah xalqdır. Uşağı necə tərbiyə etsən, xalq da elə formalaşacaq”.
Firudin Qurbanov əlavə edib ki, din uşaqlara həyatın mənasını dərk etməyə kömək etməli, yüksək dəyərlərin nədən ibarət olduğunu izah etməlidir. Onun sözlərinə görə, məhz bu zaman gənc nəsil yaxşı ilə pisi ayırd edə biləcək düşüncə formalaşdırır.
Qiymət Mahir
tag: Firudin Qurbanov,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
