Fazil Mustafa: “Texnologiya inkişaf edir, amma dini dialoq geri qalır”

Cəmiyyət

24.12.2025 12:26

“Dünyada texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq dini icmalar, konfessiyalar və dinlər arasında dialoqun olmaması bu inkişafın müsbət nəticələrini zəiflədir. Barışın möhkəmləndirilməsi üçün dini dözümlülüyün təmin olunması vacibdir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisində İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, deputat Fazil Mustafa “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda keçirilən panel müzakirədə səsləndirib.

O vurğulayıb ki, dini dözümsüzlük və bir-birinin inanclarını qəbul etməmək tarix boyu müharibələrin əsas səbəblərindən biri olub. Fazil Mustafanın sözlərinə görə, məhz buna görə dövlət–din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat qeyd edib ki, demokratik dövlətlər vətəndaşların dini azadlıqlarına hörmət etməli, bütün dinlərə bərabər münasibət sərgiləməlidir:

“Dövlət yalnız insan hüquqlarına zidd olan dini inanclar və çağırışlar qarşısında hüquqi normaları tətbiq edə bilər. Hər insan öz dini seçimini sərbəst şəkildə yaşamalı, eyni zamanda bu seçimi başqalarına zorla qəbul etdirməməlidir. Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqi prinsiplər məhz bu yanaşmanı təmin edir”.

Deputat əlavə edib ki, ölkəmizdə keçirilən bu cür tədbirlər dini barışın, dözümlülüyün və insan hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir, həm yerli, həm də qardaş ölkələrdən olan nümayəndələr arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

Qiymət Mahir

TodayPress TV

tag: Fazil Mustafa,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,