Cəmiyyət niyə vəzifə başında qəhrəmanlıq edənləri linçləyir?
Cəmiyyət
21.04.2026 15:12
Son günlər yayılan görüntü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, həkimlər ürək masajı edərək xəstəni həyata qaytarır və onu xilas edirlər. Bu hadisə insanları iki fərqli mövqeyə bölüb. Bir tərəf həkimlərin peşəkarlığını və fədakarlığını yüksək qiymətləndirərək onları alqışlayır. Digər tərəf isə bunun həkimlərin birbaşa vəzifəsi olduğunu vurğulayaraq məsələnin həddindən artıq şişirdildiyini düşünür.
Bəs niyə istənilən mövzu ətrafında Azərbaycan cəmiyyəti bu qədər tez parçalanır?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, bu cür parçalanmalar təkcə bu hadisəyə xas deyil və daha dərin psixoloji və sosial səbəblərlə bağlıdır.

Onun sözlərinə görə, ilk növbədə, cəmiyyətimizdə emosional reaksiya vermə meyli yüksəkdir:
"İnsanlar hadisəni faktlardan çox, hisslər üzərindən qiymətləndirirlər. Bu isə eyni hadisəyə fərqli emosional yanaşmaların yaranmasına səbəb olur.
İkinci səbəb sosial şəbəkələrin təsiridir. Sosial media alqoritmləri fərqli fikirləri daha kəskin şəkildə qarşı-qarşıya qoyur. Bu zaman insanlar ortaq nöqtə tapmaq əvəzinə, mövqelərini müdafiə etməyə başlayırlar".
Psixoloq əlavə edib ki, başqa məqam isə cəmiyyətdə gözləntilərlə bağlıdır:
"Bir tərəf həkimlərin gördüyü işi fədakarlıq kimi qiymətləndirir, çünki həyat qurtarmaq hər zaman yüksək mənəvi dəyər sayılır. Digər tərəf isə peşə məsuliyyətinə fokuslanaraq bunu normal vəzifə kimi qəbul edir. Əslində hər iki yanaşmada müəyyən həqiqət var".
Ekspert vurğulayıb ki, bu cür parçalanmaların qarşısını almaq üçün daha balanslı düşünməyi, fərqli fikirlərə hörmət etməyi və emosional deyil, rasional müzakirələr aparmağı öyrənməliyik:
"Cəmiyyətin sağlam inkişafı üçün fərqli fikirlərin olması normaldır, əsas məsələ bu fərqlərin qarşıdurmaya yox, dialoqa çevrilməsidir", - Zeynəb Əyyubova qeyd edib.
Türkan İsgəndərli
tag: Zeynəb Əyyubova,Psixoloq,Cəmiyyət,Qəhrəmanlıq,Todaypress.tv,
