BMT: Azərbaycan təmiz enerji və yaşıl iqtisadiyyata keçidi sürətləndirir
Cəmiyyət
23.01.2026 10:05
"Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə sənədi (NDC 3.0) dekarbonizasiya üzrə əsas istiqamətləri müəyyənləşdirir və dayanıqlı iqtisadiyyat üçün möhkəm zəmin yaradır"
TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycanda BMT-nin Rezident Əlaqələndiricisi İqor Qarafuliç Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə Dəyirmi Masa və İƏT TEM Təmiz Enerji Hakatonu 2026 Mükafatlandırma mərasimində bildirib.
Onun sözlərinə görə, sənəd bərpa olunan enerjinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, dayanıqlı nəqliyyatın təşviqi və binaların enerji göstəricilərinin yaxşılaşdırılmasını əhatə edir:
"Eyni zamanda, ədalətli və bərabərhüquqlu keçid prinsipləri önə çəkilir ki, bu da iqtisadi şaxələndirmə və ölkənin rəqabətqabiliyyətinin güclənməsinə töhfə verəcək. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədi əlçatan və təmiz enerji üzrə də real irəliləyiş əldə edir. Hökumət Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonalarının yaradılmasını nəzərdə tutan milli yol xəritəsi hazırlayır.
BMT rəsmisi həmçinin vurğulayıb ki, bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlbi prioritetdir".
O əlavə edib ki, elektrik şəbəkəsinin modernləşdirilməsinə yönələn iri investisiyalar yeni layihələrin inteqrasiyasına şərait yaradır, enerji təhlükəsizliyini gücləndirir və özəl sektorun rolunu artırır. BMT isə 2021-2025-ci illər üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın NDC 3.0 hədəflərinin icrasında və SDG 7 üzrə irəliləyişində dəstəyə hazırdır.
Türkan İsgəndərli
tag: İqor Qarafuliç,ADA,Tədbir,Çıxış,Todaypress.tv,
