Bayramqabağı ÇƏRƏZLƏR BAHALAŞDI: 55 manatadək…

Cəmiyyət

10.03.2026 14:28

Bayram ərəfəsində bazarlarda qiymət artımı müşahidə olunur. Xüsusilə çərəzlərin qiymətlərində müşahidə olunan artım alıcıların diqqətini çəkir.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Emin Qəribli bildirib ki, bu artımın əsas səbəblərindən biri idxalla bağlı yaranan problemlərdir.


Onun sözlərinə görə, bayramqabağı dövrdə qiymətlərin artması adətən müşahidə olunan haldır:

"Lakin bu il bəzi məhsullarda artım daha kəskin hiss olunur. Azərbaycanda çərəz və digər oxşar məhsulların bir hissəsi İrandan və ya İran vasitəsilə idxal olunurdu. Bu il isə müəyyən səbəblərdən həmin istiqamətdə problemlər yaranıb. İranda qida məhsullarının ixracına qadağa qoyulub". 

İqtisadçı xatırladıb ki, Azərbaycanın İranla idxalda müəyyən çətinliklər yaranıb, yüklər sərhəddə qalıb. Bu da tədarük prosesinə təsir edib:

"Hətta Dubay və digər bölgələrdən gələn bəzi məhsulların idxalında da problemlər yaranıb. Bazarda məhsul qıtlığı olmasa da, bazarın həssaslığı qiymətlərin artmasına səbəb olur. Bəzi satıcılar yaxın aylarda məhsul tədarükündə çətinlik yarana biləcəyini nəzərə alaraq qiymətləri artırırlar".

Emin Qəribli vurğulayıb ki, satıcılar yaxın aylarda həmin istiqamətlərdən çərəz kimi məhsulların gətirilməsində problem yarana biləcəyini bilirlər. 

Qeyd edək ki, bayram ərəfəsində çərəz bazarında qiymətlər 2 dəfə artıb. Belə ki, püstə 50-55, qoz 14-18, fındıq 25-28 manata satılır. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Emin Qəribli,İqtisadçı,Çərəz,Bahalaşma,Todaypress.tv,