Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?
Cəmiyyət
29.04.2026 15:56
"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır".
Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.

Onun sözlərinə görə, yol layihələri yalnız formal qəbuldan deyil, mərhələli və ciddi texniki yoxlamalardan keçməlidir:
"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır. İşlər layihə üzrə mərhələli texniki qəbuldan keçirilməli, hər mərhələdə müstəqil texniki nəzarətçi tərəfindən yoxlanılmalı və yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra növbəti mərhələyə icazə verilməlidir".
Ekspert əlavə edib ki, yol örtüyünün keyfiyyəti yalnız vizual yoxlama ilə deyil, laborator və sahə ölçmələri ilə təsdiqlənməlidir:
"Asfalt örtüyünün qalınlığı, sıxlığı və hamarlığı laborator və yerində ölçmələrlə təsdiqlənməli, kənar hissələrdə bərabər səviyyə və drenaj sistemi tam işlək vəziyyətdə olmalıdır".
Mütəxəssis həmçinin podratçı şirkətlərin məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, zəmanət mexanizmi yol keyfiyyətinə birbaşa təsir göstərir:
"Podratçıya minimum 2-5 il zəmanət öhdəliyi qoyulmalı və bu müddətdə yaranan çöküntü, çat və ya çalalar onun hesabına aradan qaldırılmalıdır. Yolun istifadəyə verilməsindən əvvəl təhlükəsizlik auditi aparılması mütləqdir. Yol təhvil verilməzdən əvvəl təhlükəsizlik auditi keçirilməli, xüsusilə piyada zonaları, kənar boşluqlar və açıq sahələr risk baxımından qiymətləndirilməlidir. İş bitdikdən sonra rəqəmsal monitorinq – foto və video hesabatlar, GPS izləmə, ictimai müraciət platformaları vasitəsilə operativ nəzarət qurulmalı və vətəndaş şikayətləri üzrə sürətli reaksiya mexanizmi işləməlidir".
Adil Nəbiyev beynəlxalq standartların yerli normativlərə inteqrasiyasının vacibliyini qeyd edib:
"Standartlar beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq (məsələn, ISO və AASHTO kimi qurumların yol tikinti və təhlükəsizlik normaları) yerli normativ aktlara inteqrasiya olunmalı, pozuntulara görə maliyyə sanksiyaları və podratçı reytinq sistemi tətbiq edilməlidir", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Adil Nəbiyev,Ekspert,Bakı,Yol,Təmir,Todaypress.tv,
