Bakı çirkli paytaxtlar arasında: Sağlamlıq üçün ciddi təhlükə
Cəmiyyət
02.04.2026 16:51
Dünya şəhərlərinin hava çirklənməsi səviyyəsi mütəmadi olaraq müxtəlif beynəlxalq indekslər əsasında qiymətləndirilir. Bu qiymətləndirmələrə görə, Bakı dünya paytaxtları arasında 50-60-cı sıralarda qərarlaşaraq “orta dərəcədə çirkli” şəhərlər qrupuna daxil edilib.
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov TodayPress TV-yə bildirib ki, bu cür reytinqlər əsasən havadakı zərərli maddələrin, xüsusilə avtomobil və sənaye mənşəli karbohidrogenlərin yaratdığı PM2.5 və PM10 hissəciklərinin miqdarı əsasında hazırlanır:

Onun sözlərinə görə, bu hissəciklər uzun müddət havada qalaraq insan sağlamlığı üçün ciddi risk yaradır:
"Bundan əlavə, azot oksidləri, kükürd birləşmələri, karbon monoksid və karbon dioksid də havanın keyfiyyətinə mənfi təsir göstərən əsas amillər sırasındadır. Bakıda hava çirklənməsinin bir neçə əsas səbəbi var. Bunlardan biri yaşıllıq sahələrinin azlığıdır. Rəsmi məlumatlara əsasən, şəhər ərazisinin cəmi 5-5,5 faizi bitki örtüyü ilə əhatə olunub ki, bu da adambaşına düşən yaşıllıq normasından xeyli aşağıdır".
Ekspert əlavə edib ki, digər mühüm amil əhalinin və nəqliyyatın yüksək sıxlığıdır:
"Şəhərdə avtomobillərin böyük hissəsi köhnədir, təxminən 80 faizi 10 ildən artıq istismardadır. Bu nəqliyyat vasitələri əsasən dizel və benzinlə işlədiyindən atmosferə daha çox zərərli qazlar buraxır. Yol infrastrukturundakı problemlər də vəziyyəti ağırlaşdırır. Tıxaclar səbəbindən avtomobillərin yanacaq sərfiyyatı artır və bu da havaya buraxılan zərərli maddələrin miqdarını yüksəldir. Sərnişindaşımanın əsasən avtobuslarla həyata keçirilməsi, elektrik nəqliyyatının - tramvay və trolleybusların məhdudluğu da çirklənməni artıran amillərdəndir".
Ekoloq vurğulayıb ki, sənaye müəssisələrinin, o cümlədən neft emalı zavodlarının şəhər daxilində yerləşməsi də havanın keyfiyyətinə mənfi təsir göstərir. Bir çox ölkələrdə bu cür obyektlər şəhərdən kənarda yerləşdirilsə də, Bakıda onların bir hissəsi hələ də urban ərazilərdə fəaliyyət göstərir.
"Vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə yaşıllıq sahələri artırılmalı, nəqliyyat sistemi modernləşdirilməli və elektrik, eləcə də hibrid avtomobillərə keçid sürətləndirilməlidir. Bununla yanaşı, əhalinin ölkə üzrə daha balanslı məskunlaşması təşviq olunmalıdır".
Qeyd edək ki, qlobal reytinqlərdə ən yüksək çirklənmə səviyyəsi əsasən Hindistan, Pakistan və bəzi Çin şəhərlərində qeydə alınır. Bakının mövqeyi isə mövcud problemlərə baxmayaraq, nisbətən orta səviyyə kimi qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Sadiq Həsənov,Ekoloq,Bakı,Çirkli şəhər,Todaypress.tv,
