Bahar Muradova: “Dövlət siyasətinin mərkəzində güclü ailə və sağlam mənəviyyat dayanır”

Cəmiyyət

24.12.2025 11:27

“Prezident cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası artıq 30 illiyini qeyd etdiyimiz Konstitusiyada da təsbit edildiyi kimi dünyəvi dövlətdir. Bahar Muradovanın sözlərinə görə, bu dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşma demək deyil. Əksinə, din və dövlət münasibətlərinin balanslı şəkildə, konstitusion əsaslar üzərində qurulması cəmiyyətin sabitliyini, multikultural harmoniyanı və insan ləyaqətinə hörməti təmin edir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Din Xadimlərinin II Forumunun keçirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq ölkədə dövlət–din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir.

Bahar Muradova bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olub. Onun sözlərinə görə, Konstitusiyada təsbit edilən dünyəvi dövlət modeli, dini etiqad azadlığının təmin olunması və dövlətin bütün dinlərə bərabər, ədalətli münasibəti bu ənənənin hüquqi əsasını təşkil edir.

O əlavə edib ki, bu model bu gün regional və qlobal miqyasda maraqla öyrənilən və uğurlu nümunə kimi dəyərləndirilir.

Qiymət Mahir

TodayPress TV

tag: Bahar Muradova,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,