ABŞ və Azərbaycan arasındakı ticarət dövriyyəsi 1.3 milyard dolları ötüb
Cəmiyyət
23.01.2026 13:46
"2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub".
TodayPress TV xəbər verir ki, bunu Deputat Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

Deputat qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlığın formalaşması və dərinləşməsi müşahidə olunur. Siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan–ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da əhatə edildiyi iqtisadi sərmayə istiqamətlərində də inkişaf etdirilir.
Parlamentari vurğulayıb ki, 2025-ci ildə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi xeyli artıb:
"2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib. Strateji əməkdaşlığın güclənməsinin Azərbaycanın ABŞ ilə qeyri neft-ixrac dövriyyəsinin daha da artmasına gətirib çıxaracağı gözlənilir".
V.Bayramov, həmçinin ABŞ ilə əməkdaşlığın qeyri-neft sektorunu gücləndirdiyini bildirib:
"ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ–Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir".
Deputat sonda əlavə edib ki, bütövlükdə, Davosda Prezidentlərin səmimi mühitdə keçirilən görüşü Azərbaycan və ABŞ münasibətlərində yeni səhifə açacaq.
Qeyd edək ki, Yanvarın 22-də Davos Beynəlxalq İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.
Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Jalə Rövşən
tag: Vüqar Bayramov,Deputat,ABŞ,Azərbaycan,Todaypress.tv,
