8 Mart ərəfəsində QİYMƏTLƏR NİYƏ ARTDI? - 100 manata qızılgül...

Cəmiyyət

06.03.2026 17:02

8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşdıqca gül mağazalarında qiymətlərdə də artım müşahidə olunur.  

TodayPress TV paytaxtın gül mağazalarındakı hazırkı qiymətləri araşdırıb:

1 ədəd qızılgül 5-7 manat; tülpan 3-4 manat; zanbaq təxminən 15 manat; liliya 20 manat; pion 20-25 manat; ranunkulus 8-10 manat; qutuda orxideya 50-100 manat arası dəyişir.    

Sadə buketlər 35 AZN‑dən başlayır və qiymət buketin dizaynına və güllərin növünə müəyyən olunur. Sadə ədəd güllərdən hazırlanan buket nisbətən ucuz olsa da, dekorativ və çoxgüllü buketlərin qiyməti yüksəkdir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövcud qiymət artımı barədə TodayPress TV-yə danışıb. 


O bildirib ki, gül bazarında qiymət artımı əsasən mövsümi xarakter daşıyır. Mövsümi biznes maraqları olan sektorlar belə əlamətdar günlər ərəfəsində qiymətlərin artırılması ilə bağlı qərarlar qəbul edirlər:

“Onlar hesab edirlər ki, bu, bir fürsətdir və fürsətdən istifadə edərək qazanclarını artıra bilərlər. Bu, hər il təkrarlanan hadisədir. Bayramdan sonra qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıdır”. 

Ekspert bildirib ki, qiymət artımı bayramdan əvvəlki dövrlə müqayisədə təxminən 10 - 20 faiz arasında dəyişir: 

"Ölkədə daha çox populyar olan qızılgül, tülpan növlərinin qiyməti digərlərinə nisbətən daha çox artır. 6-7 mart tarixlərində, hətta 8 mart gününün özündə belə qiymət artımını görə bilərik".

Vüqar Oruc əlavə edib ki, son illərin statistik göstəriciləri gül və çiçək məhsullarının qiymətlərində ümumi artım tendensiyasını da göstərir:

"Xüsusilə son 5 ilin göstəricilərinə baxdıqda, gül və çiçək məhsullarının qiymətlərində hər il təxminən 10 faiz civarında artım müşahidə olunur. Bu artım həm inflyasiya, həm də logistika və nəqliyyat xərclərinin yüksəlməsi ilə bağlıdır", - deyə o qeyd edib.

Nəticə etibarilə deyə bilərik ki, 8 Mart ərəfəsində gül almaq istəyənlər qiymətlərin normadan daha yüksək olacağını nəzərə almalıdırlar.         

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Oruc,AQC,8 mart,Qiymətlər,Todaypress.tv,