Arteta Premyer Liqa tarixində ilkə imza atdı
Mikel Arteta İngiltərə Premyer Liqası tarixində unikal nailiyyətə imza atıb.
TodayPress TV “TNT Sports”a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Premyer Liqada futbolçu kimi çıxış etdikdən sonra baş məşqçi qismində İngiltərə çempionu olan ilk şəxs olub.
Arteta futbolçu karyerası ərzində “Everton” və “Arsenal” formalarını geyinib. O, “Everton”da 209, “Arsenal”da isə 150 oyunda meydana çıxıb.
İspaniyalı məşqçi çempionluq qazandıqdan sonra “Arsenal” futbolçularına müraciət edərək komandanın uğurunu dəyərləndirib.
“Biz yenidən tarix yazdıq. Bunu birlikdə etdik. Bu klubla əlaqəsi olan hər kəslə inanılmaz dərəcədə qürur duyuram və çox xoşbəxtəm. Gəlin bu anın həzzini çıxaraq”, - deyə Arteta bildirib.
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger komandanın 2025/2026 mövsümündə İngiltərə çempionu olmasına münasibət bildirib.
Təcrübəli mütəxəssis “Arsenal”ın rəsmi sosial şəbəkə hesabında futbolçuları və azarkeşləri təbrik edib.
“Bunu bacardınız.
Çempionlar başqaları dayandığı anda yoluna davam edir.
Bu sizin zamanınızdır. Gedin və hər anın dadını çıxarın”, - deyə Venger bildirib.
Qeyd edək ki, 37-ci turda “Arsenal” evdə “Börnli” üzərində 1:0 hesablı qələbə qazanıb. Paralel oyunda isə “Mançester Siti” səfərdə “Bornmut” ilə 1:1 hesablı heç-heçə edib.
Nəticədə “Arsenal” 2025/2026 mövsümündə 82 xal toplayaraq vaxtından əvvəl İngiltərə çempionu olub. London təmsilçisi bununla da 22 illik çempionluq həsrətinə son qoyub.
Xatırladaq ki, “Arsenal” sonuncu dəfə 2003/2004-cü illər mövsümündə məhz Arsen Vengerin rəhbərliyi altında İngiltərə çempionu olub.
Namiq HUN