Zəngəzur dəhlizi: “Söz Ermənistandadır…”

Təhlil

11.07.2025 15:47

“Zəngəzur dəhlizi həm şimaldan, həm də şərqdən gələn böyük həcmdə yüklərin Azərbaycan və Ermənistan üzərindən Türkiyə vasitəsilə dünya bazarlarına çıxışını təmin edəcək”. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünü TodayPress TV-yə şərh edərkən bildirib.

O, görüşdə mühüm məsələlərin yerindəcə müzakirə olunduğunu vurğulayıb: 

“Bu, onu göstərir ki, artıq tərəflər konkret nəticəyə gəlməkdə maraqlıdırlar. Görüş çərçivəsində işçi qruplarının yaradılması ilə bağlı qərar da münasibətlərin yaxınlaşmasına xidmət edəcək. Xüsusilə Zəngəzur dəhlizi məsələsi bu baxımdan önəmlidir”.

Millət vəkilinin sözlərinə görə, dəhlizin açılması ilə bağlı tərəflərin mövqeləri fərqli olsa da, bu, ilk növbədə Ermənistanın maraqlarına cavab verir. Bu, Ermənistan üçün yüz minlərlə iş yeri, iqtisadiyyatın genişlənməsi, büdcə gəlirlərinin artması və beynəlxalq əlaqələrin güclənməsi deməkdir.

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan bu məsələdə üzərinə düşən addımları artıq atıb: 

“Biz Ermənistanın suverenliyinə hörmətlə yanaşırıq. Sadəcə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasını və bu hüququmuzun tanınmasını istəyirik. Konkret detallar üzrə razılaşmalar hələlik açıqlanmasa da, bu görüş mövqelərin yaxınlaşmasına və birgə fəaliyyətin vacibliyinin qəbuluna imkan yaratdı. İndi söz Ermənistandadır”. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. 

Türkan İsgəndərli

tag: Aydın Mirzəzadə,Deputat,Zəngəzur,Dəhliz,Ermənistan,Todaypress.tv,

photo