ABŞ yeni mərhələni BAŞLADIR: İranın dron və raket proqramı risk altındadır
Təhlil
13.11.2025 13:30
ABŞ İrana qarşı sanksiya siyahısını daha da genişləndirib.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni sanksiyalar İranın ballistik raket və dron proqramlarını logistika fəaliyyəti və komponentlərin alınması vasitəsilə dəstəkləyən 32 şəxs və təşkilata şamil edilir. Sanksiyaya düşən tərəflərin ABŞ-dəki bütün aktivləri dondurulur və Amerika vətəndaşlarına onlarla hər hansı əməkdaşlıq qadağan olunur. Nazirlik bildirib ki, sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslər İranın raket və dron istehsalını təmin edən çoxşaxəli təchizat zəncirlərini idarə edir və onlar İran, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada fəaliyyət göstərirlər.
Maraqlıdır, ABŞ-nin İranın raket və dron proqramını dəstəkləyən şəxslərə müxtəlif ölkələrdə sanksiya tətbiq etməsi regional və qlobal güc balansına necə təsir göstərə bilər? Bu addım İranın hərbi təchizat zəncirini real olaraq zəiflədəcək, yoxsa daha geniş geosiyasi qarşıdurmanın başlanğıcıdır?
Məsələni TodayPress TV-yə şərh edən politoloq Fəqani Məhərrəmli bildirib ki, ABŞ son 45 ildə İrana qarşı çoxsaylı sanksiyalar və embarqolar tətbiq edib və etməkdədir:
"Bu sanksiya və embarqolar əsasən İranın hərbi-siyasi, iqtisadi və logistik sferalarını hədəf alır. Sanksiyalar səbəbindən İranda sosial-iqtisadi vəziyyət gərgin olsa da, ölkənin resurs dövləti olması ona hələlik bu məhdudiyyətlərə duruş gətirməyə imkan verir. Zəngin neft-qaz ehtiyatları ölkəni müəyyən müddət daha ayaqda saxlamağa yetərlidir".
Ekspertin sözlərinə görə, Yaxın Şərqdə baş verən qarşıdurmalar və dini-məzhəb təmayüllü savaşlar İranın bölgədəki rolunu əhəmiyyətli dərəcədə zəiflədib:
"İsrail dövləti ilə yaşanan 12 günlük savaş isə İranın hərbi cəhətdən zəifliyini üzə çıxardı. ABŞ-nin İrana tətbiq etdiyi sanksiyaların son hədəfi ölkəni dərin böhrana sürükləmək, rejim dəyişikliyinə nail olmaq və İranı Rusiya-Çin blokundan ayıraraq öz tərəfinə çəkməkdir".
Qiymət Mahir
tag: Fəqani Məhərrəmli ,ABŞ ,İran ,Raket proqramı,Todaypress.tv,
