Rusiya görüşlərdən imtina edir: Danışıqlar masasında yeni hiylə?
Təhlil
29.09.2025 19:07
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Rusiya Ukrayna nizamlanması üzrə müxtəlif formatlı görüşlərdə iştirakdan imtina edib.
Siyasi şərhçi Elmir Səftərov bu barədə TodayPress TV-yə danışıb.
O vurğulayıb ki, Rusiyanın Ukrayna ilə görüşlərdən imtina etməsi bir neçə strateji məqsəd daşıyır və diplomatik, hərbi, o cümlədən daxili siyasət aspektlərini əhatə edir:
“Kremlin əsas məqsədi müharibədə vəziyyətə nəzarət etdiyini nümayiş etdirməkdir. Görüşlərdən çəkilməklə Rusiya həm Ukraynaya, həm də Qərb ölkələrinə mesaj göndərir ki, “biz güclüyük, müharibəni dayandırmaq şərtlərini biz müəyyən edirik. Bu, diplomatik təzyiq rıçaqları vasitəsilə Moskvanın gücünü nümayiş etdirmək və tərəfdaşlar üzərində üstünlük yaratmaq üçün vacib addımdır”.
“Rusiya danışıqlar masasına daha güclü əl ilə qayıda bilər”
Onun sözlərinə görə, bu imtina Rusiyaya taktiki manevr və vaxt qazanmaq imkanı verir:
“Növbəti danışıqlara qədər yeni əraziləri işğal edərək və ya mövcud mövqeləri gücləndirərək Rusiya danışıqlar masasına daha güclü əl ilə qayıda bilər. Eyni zamanda, Ukraynanın dönməz mövqeyi və müharibədəki mövqeyinin dəyişməməsi Kreml üçün danışıqlarda öz şərtlərini yenidən formalaşdırmaq üçün stimul yaradır”.
“Bu, daxili motivasiya və birliyə yönəlmiş strategiya kimi də qiymətləndirilə bilər”
“Görüşdən imtina həmçinin daxili auditoriyaya yönəlmiş bir siqnal ola bilər. Rusiya əhalisinə göstərmək istəyir ki, hakimiyyət güclüdür, dövlət iqtisadiyyatı dözümlüdür və müharibəyə nəzarət onlardadır. Bu, daxili motivasiya və birliyə yönəlmiş strategiya kimi də qiymətləndirilə bilər”, - analitik əlavə edib.
Ekspert onu da vurğulayıb ki, ümumilikdə Rusiya imperial maraqlarını qorumaq, NATO-nun genişlənməsinin qarşısını almaq və müharibədə strateji hədəflərinə çatmaq məqsədi güdür.
“Eyni zamanda, uzunmüddətli savaş iqtisadi dayanıqlığı sarsıda biləcəyi üçün Kremlin hədəfi həm də diplomatik danışıqlara açıq olmaqla, özünə faydalı razılaşmaya nail olmaqdır. Beləliklə, görüşlərdən imtina həm diplomatik təzyiq, həm taktiki manevr, həm də daxili və xarici auditoriyaya yönəlmiş strateji addım kimi dəyərləndirilə bilər,” – deyə Səftərov vurğulayıb.
Jalə Rövşən
tag: Ceyms Devid Vens,Rusiya ,Ukrayna,Görüş,Elmir Səftərov,Todaypress.tv,
