Mina xəritələri ilə “siyasi alver” cəhdi: “Bu, hərbi cinayətdir!”

Təhlil

06.08.2025 14:51

“Düzgün mina xəritələrinin verilməməsi beynəlxalq hüquq baxımından Ermənistan üçün məsuliyyət yaradır”. 

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib. 

O vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında həllini tapmamış məsələlərdən biri də minalanmış sahələrin dəqiq xəritələrinin təqdim edilməməsidir:

“Bugünkü günə qədər Ermənistan tərəfindən təqdim olunan xəritələrin yalnız təxminən 25 faizi dəqiqliyi əks etdirir. Qalan ərazilərin isə dəqiq xəritələri verilməyib və təəssüf ki, Ermənistanın bu hərbi cinayəti Azərbaycan vətəndaşlarının mina terrorunun qurbanı olmasına səbəb olur”. 

Analitik hesab edir ki, bu cür hallarla bağlı Ermənistan üzərində əlavə təzyiq imkanları yaranır.

“Azərbaycan məhz bu məsələ üzrə Ermənistanı beynəlxalq məhkəməyə vermək imkanına malikdir. Sadəcə, hazırda sülh prosesinin davam etməsi səbəbindən Azərbaycan bu mövzunu hələlik kəskin şəkildə qaldırmır”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığını yerinə yetirən Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb. Yaralı hərbçilər dərhal yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunublar.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Aysel Mətləb

tag: Oqtay Qasımov,Politoloq,Mina,Xəritə,Azərbaycan,Ermənistan,Todaypress.tv,

photo