Aİ Paşinyanı niyə qoruyur? – KARTLAR AÇILDI
Təhlil
16.07.2025 14:55
“Ermənistanın Baş naziri Nikol Paşinyanı qorumaq üçün ona həm kəşfiyyat, həm də media sahəsində ciddi dəstək verilir”.
Politoloq Rusif Məmmədsoy bunu TodayPress TV-yə açıqlamasında deyib.
Ekspert diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsində maraqlı olması dövrün tələbidir:
“Bundan əvvəl də Avropa ölkələri Ermənistana maliyyə yardımları göstərib. Lakin bu yardımlar birbaşa deyil, mərhələli şəkildə həyata keçirilib. Bu faktın özü rəsmi İrəvanı bir daha düşünməyə vadar etməlidir ki, kommunikasiya xətlərinin açılmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı olsun. Çünki əgər Ermənistan müstəqil dövlət kimi mövcudluğunu davam etdirmək istəyirsə, öz büdcəsini formalaşdırmalı və xarici asılılığı azaltmalıdır”.
R. Məmmədsoy Ermənistana göstərilən dəstəklərin səbəbini açıqlayıb:
“Prosesin digər tərəfi ondan ibarətdir ki, Paşinyan hökumətinə bir sıra formalarda dəstək göstərilməsi də hədəflənir. Hazırda Ermənistanda “soyuq savaş” yaşanır və bu mübarizədə Paşinyanı qorumaq məqsədilə ona həm kəşfiyyat, həm də media sahəsində ciddi dəstək verilir. Məhz bu dəstəyin nəticəsində Ermənistanın Baş naziri kilsəyə qarşı çıxır və cəmiyyətin “qırmızı cizgi” hesab etdiyi maneələri keçə bilir”.
Qeyd edək ki, Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ermənistana ümumilikdə 2,5 milyard avro investisiya və yardım ayıracaqlarını açıqlayıblar. 2024-cü ildə elan edilən 270 milyon avroluq “Dayanıqlılıq və İnkişaf” planı ilə dəstək 50% artıb. Bundan əlavə, müstəqil media üçün 1,5 milyon avro ayrılıb.
Qiymət Mahir
tag: Rusif Məmmədsoy,Ekspert,Paşinyan,Aİ,Todaypress.tv,
