Təkliflər Putinə təqdim ediləcək — Uitkoff Rusiyaya gedir
Təhlil
01.12.2025 16:48
Noyabrın 30-da ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun da iştirakı ilə Birləşmiş Ştatlar rəsmiləri və Ukrayna hökuməti arasında Florida ştatında görüş keçirilib.

ABŞ-nin 28 bəndlik “sülh planı” layihəsi çərçivəsində, xüsusilə də layihədə mübahisəli iki maddə ətrafında müzakirələr aparılıb. Torpaq məsələləri və təhlükəsizlik zəmanətləri üzrə aparılan müzakirələr uzlaşma xarakteri daşıyıb və bu iki əsas mübahisəli məqam ətrafında münasib kompromislərin yaradılması istiqamətində müəyyən addımlar atılmağa çalışılıb. Görüş çətin, amma məhsuldar olaraq qiymətləndirilir.
Dərhal sonda Stiv Uitkoff müzakirələrin yaxşı keçdiyini və Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya gedəcəyini açıqlayıb.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi düşünür ki, Uitkoff bu səfərlə görüşdə əldə olunan razılaşmaları və təklifləri Putinə təqdim edəcək:

“ABŞ Prezidenti Donald Tramp Mayami görüşünün nəticələrini sülh planının yenilənmiş versiyası olaraq Rusiyaya təqdim etmək üçün bu gün Stiv Uitkoffu Moskvaya göndərir. ABŞ-nin ərsəyə gətirdiyi bu sənəd Rusiya və Ukrayna arasında sülh danışıqları prosesində yol xəritəsi olaraq təqdim olunur və müzakirələrin bu sənəd ətrafında aparılmasına çalışılır.
Danışıqlar prosesini dayandırmaq, əlbəttə ki, hər iki münaqişə tərəfi üçün ziyanlıdır və bu səbəbdən danışıqlar prosesini davam etdirmək, bəzi həlledici məsələlər üzrə kompleks yollar axtarmaq və digər məsələlər ətrafında müzakirələr apararaq razılıq əldə etmək baxımından ABŞ-nin bu səylərini məhsuldar hesab etmək olar. Bu hesabla ehtimal olunur ki, sənəd Rusiya tərəfinə, Prezident Putinə təqdim olunması üçün göndərilirsə, deməli, Mayami şəhərində keçirilən görüşdə müsbət irəliləyişlərə nail olunub”.
Qiymət Mahir
tag: Çingiz Şahbazi,Politoloq,ABŞ,Rusiya,Todaypress.tv,
