“1700 illik kilsə yalanı heç bir tarixi faktla əsaslandırılmır” – Dosent
“Bütün sahələrdə olduğu kimi, ermənilərin Qüdsdəki erməni icmasının 1700 ildir mövcud olması iddiası saxtakarlıqdan başqa bir şey deyil”.
Tarix elmləri namizədi, dosent Akif Nağı bunu TodayPress TV-yə danışarkən deyib.
Həmçinin o, ermənilərin Qüdsdəki kilsə iddiasından bəhs edib:
“Ermənilərin ordakı kilsəsi Həvari Kilsəsi (Apostol Kilsəsi) deyil. Həvari Kilsəsi birbaşa Yerusəlim və İsa Məsih özü yaxud, onun həvariləri ilə bağlı olan kilsələrə deyilir. Hansı ölkədə hansı kilsə apostolların iştirakı ilə tikilirsə, Apostol Kilsəsi adlanır. Qafqazda həvarilərin, apostolların iştirakı ilə tikilən yeganə kilsə Azərbaycanın Şəki ərzisindəki Kiş kəndindəki kilsədir. Mənbələrdə bu, Qis olaraq qeyd olunub. Apostol Faddeyin şagidi Yelisey tərəfindən tikilib. Apostol Faddey Azərbaycana gəlib cənub torpaqlarına keçmiş, sonra Artavaz adlanan yerdə öldürülmüşdü. Onda həmin yerlərin Ermənistana heç bir aidiyyatı yox idi. İndi ermənilər öz kitablarında məlumatları saxtalaşdıraraq o ərazini öz adlarına çıxarırlar. Həmin ərazi Cənubi Azərbaycan ərazisi, Urmiya gölünün sahilidir. Faddey öləndən sonra onun şagirdi Yelisey qaldı, o da Azərbaycanın Şimal torpaqlarında təbliğatını apardı, I əsrin ortalarında Şəkidə kilsənin əsasını qoydu. Yəni Albaniya dövründəki kilsəmiz birbaşa Apostol Kilsəsidir”.
Ekspert ermənilərin kilsəsinin heç bir halda Apostol Kilsəsi olmadığını vurğulayıb. Tarixçi onların bu yalanını hamının, hətta bizim tarixçilərimizin qəbul etməsini təəccüblü adlandırıb:
“10 alban kilsəsi IV-V əsrlərdə, xristianlıq yüksək səviyyədə inkişaf edən vaxt Yerusəlimdə, Qüdsdə tikilmişdi. Ərəblər gələndən sonra Alban kilsəsinin mövqeyini zəiflətdilər, ruslar gələndən sonra biraz da onlar zəiflətdilər. Ermənilər bütün dövrlərdən istifadə etdilər və Qüdsdəki Alban kilsələrini öz adlarına çıxdılar, amma indi çıxa bilmirlər. Ordakı 10 Alban kilsəsinin azı 7-8-i salamat qalır və onlar Alban kilsəsi kimi qəbul olunurlar”.
A.Nağı qeyd edib ki, ermənilərin orda tikdikləri kilsə isə 1840-cı ilə aiddir:
“Həmin dövrdə ərazi Osmanlı İmperiyasına aid idi. İngilislərin vasitəsi ilə ermənilər orda kilsə tikmək üçün icazə aldılar və tikdilər. Eyni zamanda Osmanlı sultanlarına çox xahiş edəndən sonra, orada bir erməni məhəlləsi lövhəsi vurmağın icazəsini də aldılar. O zaman Osmanlı üçün onların oraya nə yazması önəm daşımırdı. İndi Qüdsdə onun davasını edirlər. Hər il orda digər xristian kilsələri ilə aralarında dava düşür. Çünki ermənilərin orda yad ünsür olduğunu başa düşürlər. Bu səbəbdən onların 1700 illik kilsə yalanı heç bir tarixi faktla əsaslandırılmır”.
Qeyd edək ki, ermənilər iddia edir ki, erməni icması Qüdsdə guya 1700 ildir mövcuddur. Guya şəhərin mənəvi, mədəni həyatına dəyərli töhfələr verən ermənilərin mövcudluğu bütün dünyada tanınır və Qüdsdəki “tarixi erməni məhəllələri” tolerantlığa, birgəyaşayışa “töhfələr” verib.
Qiymət Mahir
tag: Akif Nağı,Politoloq,Ermənistan,Kilsə,Todaypress.tv,
