PAŞİNYANIN İTV-YƏ MÜSAHİBƏSİ: Ərazi iddialarına haqq qazandırmaq, yoxsa…
“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının müxbirinə verdiyi qısa müsahibədə yeni heç nə demədi. Əvvəlcədən bilinən fikirləri bir daha təkrarladı. Azərbaycanın isə Ermənistandan istədiyi başqadır”.
Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Ekspert vurğulayıb ki, Azərbaycanın əsas tələbləri Ermənistan konstitusiyasının preambula hissəsindəki Azərbaycan ərazisinə iddia məsələsinin çıxarılması və ATƏT-in Minsk qrupunun ləğvidir.
“Paşinyan Minsk qrupu məsələsini sülh müqaviləsi ilə eyni anda elan etməyi təklif edir. Bu da onların Qərbi Azərbaycan qorxusundan irəli gəlir. Görünən odur ki, Qərbi Azərbaycan məsələsi Ermənistanda real qorxu kimi qəbul olunur. Məsələnin mahiyyəti odur ki, Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması məsələsini şərti ərazi bütövlüyü ilə əlaqələndirir. Yaxşı başa düşür ki, Ermənistanın hesab olunan şərti ərazisi sülh olmasa, hər an təhlükədə ola bilər. Çünki Ermənistanın Azərbaycan torpaqları üzərində qurulduğunu da yaxşı bilirlər. Hesab edirəm ki, Paşinyan bu qorxusunu dilə gətirməklə Ermənistan cəmiyyətinə də mesaj vermiş oldu ki, konstitusiya dəyişikliyi olmasa, Qərbi Azərbaycan qorxusu hər zaman onların başının üstündə qılınc kimi duracaq”.
Qeyd edək ki, mayın 15-də Albaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) əməkdaşının sualını cavablandırıb.
"Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır” deyə, o, bildirib.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Paşinyan,Müsahibə,TodayPress.tv,
