Zəng etmədi, MESAJ VERDİ: "Gündəmimiz dəyişib!"
Təhlil
09.10.2025 17:05
"ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə zəng etməməsi ilk baxışda sadə diplomatik detal kimi görünə bilər, amma əslində, simvolik mesaj daşıyır".
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etməməsini şərh edərkən deyib.
O bildirib ki, beynəlxalq münasibətlərdə jestlər bəzən rəsmi bəyanatlardan daha çox məna ifadə edir. Trampın bu addımı da Moskva ilə münasibətlərdəki soyuqluğun davam etdiyini göstərir:
"Əslində, ABŞ-Rusiya əlaqələri son aylarda bir qədər gərginləşib, xüsusilə də Ukrayna və enerji bazarları ilə bağlı fikir ayrılıqları bu münasibətləri zədələyib. Trampın zəng etməməsi şəxsi simpatiya məsələsi deyil, daha çox siyasi mesajdır: “Bizim gündəmimiz dəyişib”. Yəni Vaşinqton Moskva ilə münasibətlərdə taktiki məsafə saxlamaq niyyətindədir.
Yenə də belə bir zəngin olmaması mütləq düşmənçilik anlamına gəlmir. Əksinə, bu, “soyuq, amma nəzarət olunan” diplomatiyanın təzahürüdür. Trampın davranışı onun xarici siyasət üslubuna tam uyğundur. O, şəxsi əlaqələrdən çox, siyasi balansı önə çəkir".
Siyasətçi izah ediib ki, diplomatik baxımdan isə bu jest Rusiya üçün “statusun dəyişməsi” siqnalıdır. Yəni Moskva artıq ABŞ üçün strateji tərəfdaş deyil, müəyyən məsafədən izlənən regional oyunçudur.
Trampın bu addımı həm daxili auditoriyaya, həm də Avropaya yönəlmiş bir mesaj daşıyır — “Vaşinqton Moskvaya güzəşt etmir”.
"Nəticə etibarilə, bu hadisə iki ölkə arasında münasibətləri kökündən dəyişməyəcək, amma səmimiyyətin azalması və siyasi etimadın zəifləməsi reallıqdır. Tramp bunu bilərəkdən edir, çünki o, hər jestini geosiyasi oyun kimi qurur. Təbrik zəngi etməmək diplomatik soyuqluğun sadə, amma məqsədli ifadəsidir", - deyə T.İsmayılov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 73 yaşı tamam oldu. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ Prezidenti Donald Tramp Putinə ad günü münasibətilə zəng etməyib.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Putin ,ABŞ,Todaypress.tv,
