Vaşinqton Türkiyədən də dəstək gözləyir, əks təqdirdə...
Təhlil
08.09.2025 16:24
"Sanksiyalara qoşulmadığı təqdirdə Avropa İttifaqı və ABŞ-nin Türkiyəyə qarşı hansısa tədbirlər görəcəyi inandırıcı deyil".
Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna–Rusiya müharibəsində mürəkkəb və ağır vəziyyət yaranıb:
"Müharibə başlayandan bəri ilk dəfədir ki, Moskva hücumlarının intensivliyini və şiddətini artıraraq strateji mülki obyektləri hədəf alıb. Bir müddət əvvəl Avropa İttifaqının, “Azadlıq” radiosunun, bəzi səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin yerləşdiyi binalar ciddi ziyan gördü. Nazirlər Kabineti də vuruldu. Kremlin ritorikası daha sərt və barışmaz xarakter alıb.
ABŞ artıq əmin oldu ki, Rusiya Prezidenti Vladimir Putini dialoqa və kompromisə gətirmək üçün edilən təşəbbüslər mənasızdır. Buna görə də Ağ Ev rəhbərliyi Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləmək məcburiyyətində qalıb. Lakin burada da hər şey ABŞ və Qərbin müttəfiqlərinin istədiyi kimi olmayacaq. Çin və Hindistanı sanksiyalarla Rusiyadan uzaqlaşdırmaq, onların ucuz enerji resurslarının idxalından imtina etməsinə nail olmaq mümkün görünmür. ABŞ Prezidenti Donald Trampın Yeni Delhini və Pekini yüksək tariflər, o cümlədən rüsumlarla hədələməsinə baxmayaraq, hər iki ölkə Moskva ilə əməkdaşlığını nəinki dayandırmadı, hətta daha da genişləndirməkdədir".
Siyasətçi əlavə edib ki, Rusiya ilə Çin arasında enerji sahəsi də daxil olmaqla, ümumilikdə 22 sənəd imzalanıb. Həmin sənədlər arasında Rusiya qazının Çin bazarlarına çıxarılması üçün iri layihələr üzrə razılaşmalar da yer alır. Vaşinqton Avropanı alternativ enerji ilə təmin etmədən, Rusiyaya qarşı sanksiyalara tam şəkildə cəlb edə bilməyəcək. Xüsusən də iqtisadiyyatı böyüyən və Rusiyanın təbii qazından bilavasitə asılı olan Macarıstan, Slovakiya kimi ölkələri bu prosesə cəlb etmək çətin görünür.
“Şimal Axını” və “Şimal Axını 2” qaz boru xətləri ilin əvvəlində partladıldı, Ukrayna üzərindən keçən xətt də şəbəkədən ayrıldı, bir həftə əvvəl isə “Dostluq” qazötürücü stansiyası vuruldu. Buna baxmayaraq, Fransa, İspaniya, Niderland və Belçika hələ də Rusiyadan böyük həcmdə mayeləşdirilmiş qaz idxal etməkdədir. Enerji şaxələndirilməsi və təhlükəsizliyi ilə bağlı məsələlər həllini tapmayınca, Qərbin tətbiq olunacaq yeni sanksiyalara nə qədər tab gətirəcəyi hələ də aydın deyil.
Türkiyəyə gəlincə, rəsmi Ankara təkcə enerji tranziti ölkəsi kimi deyil, həm də enerji qovşağı olmaq iddiasındadır. “Türk Axını”ndan imtina etməsi və Birləşmiş Ştatların yeni sanksiyalar paketinə qoşulması qardaş dövlətin maraqlarına ziddir. Ankara böyük maliyyə və siyasi itkiləri gözardı edə bilməz. Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlər saxlaması və neytrallığını qoruması Qərb üçün də faydalıdır. Bu, ən azından açıq qapının qalmasına imkan verir", - deyə Ə.Orucov vurğulayıb.
O, Aİ və ABŞ-nin Türkiyənin sanksiyalara qoşulmadığı təqdirdə, ona qarşı hansısa tədbirlər görəcəyinə inanmır:
"Bu, böyük səhv olardı. Türkiyə onsuz da Ukraynaya dəstəyini ifadə edir. Ukraynada birgə İHA-lar istehsal olunur. Məncə, Türkiyə milli maraqlarını güzəştə getməz və heç bir güc onu buna məcbur edə bilməz".
Qeyd edək ki, Ağ Evdən bir mənbəyə istinadla xəbər yayılıb ki, ABŞ Avropadan təkcə Rusiya neftindən imtina deyil, həm də Rusiyanın enerji resurslarının əsas idxalçıları olan Çin, Hindistan və Türkiyəyə qarşı sanksiyalarda dəstək gözləyir. Bu informasiya ABŞ-nin mövcud enerji siyasətinin növbəti mərhələsini əks etdirir.
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,ABŞ,Türkiyə,Todaypress.tv,
