Ramiz Yunus: “Azərbaycan buna görə informasiya müharibəsində uduzurdu”
Təhlil
19.01.2026 18:22
“Postsovet məkanında baş verən münaqişələr ayrı-ayrı faciələr kimi təqdim edilsə də, əslində onların hamısı eyni mərkəzdən idarə olunan vahid bir sistemin məhsuludur. Bu sistemin mərkəzi isə hər zaman Moskvada olub”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.
Professor bildirib ki, Azərbaycanın Qarabağ, Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsi, Moldovanın Dnestryanı ərazisi, Ukraynanın Krımı və Donbası uzun illər “unikal və bir-birindən ayrı münaqişələr” kimi təqdim edilib:
“Bu rahat, amma səhv baxışdır. Əslində, bunların hamısı eyni zəncirin həlqələridir. Adlar, ideologiyalar dəyişib, amma prinsip eyni qalıb: “parçala və hökmranlıq et”. Bu, təkcə silahla deyil, daha effektiv şəkildə şüura nəzarət vasitəsilə həyata keçirilir”.
Ramiz Yunusun sözlərinə görə, SSRİ dövründə bu missiyanı Köhnə Meydanda yerləşən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji aparatı icra edirdi.
"O aparat kimin haqlı, kimin günahkar olduğunu, hansı münaqişələrin “tarixi baxımdan ədalətli”, hansılarının isə “millətçi təhrif” sayıldığını müəyyənləşdirirdi".
Professor vurğulayıb ki, SSRİ dağılsa da, bu sistem yox olmayıb, sadəcə forma dəyişib:
“Bu gün eyni funksiyanı Rusiyanın Prezident Administrasiyası yerinə yetirir. Əvvəllər bir partiya və bir ideologiya var idi, indi isə vitrin üçün plüralizm, reallıqda isə monopoliya mövcuddur”.
Ramiz Yunus Qarabağ münaqişəsini bu mexanizmin ən açıq nümunələrindən biri adlandırıb:
“Niyə onilliklər boyunca postsovet məkanında ermənimərkəzli baxış irəli sürülürdü? Niyə Azərbaycan hətta özünü müdafiə edərkən belə informasiya müharibəsində uduzurdu? Cavab sadədir: Çünki Kreml özünə lazım olan narrativi sistemli şəkildə formalaşdırırdı. Bu, silahdan daha çox “yumşaq güc” vasitəsilə — media, ekspertlər, jurnalistlər və “müstəqil” platformalar üzərindən edilirdi”.
Analitik qeyd edib ki, bu proses təsadüfi deyil və Rusiya xüsusi xidmət orqanları burada əsas rol oynayıb:
“SSRİ dövründə KQB sistemin “qalxanı və qılıncı” idi. Bu gün isə FSB və ona bağlı strukturlar eyni işi görür — bəzən açıq, bəzən isə gözəgörünməz formada”.
Ramiz Yunus bildirib ki, eyni ssenari Gürcüstanda, Moldovada və Ukraynada da tətbiq olunub:
“Harada olursa-olsun, eyni model var: münaqişə yaratmaq və ya dondurmaq, təcavüzkarı gizlətmək, günahı “iki tərəf arasında” bölüşdürmək və Moskvanı “vasitəçi” kimi təqdim etmək”. Bu yalnız açıq imperialist fiqurlar vasitəsilə deyil, həm də “yaxşı ruslar” adlandırılan liberal və antiharbi imiclə çıxış edən şəxslər vasitəsilə aparılıb. Onlar fərqli görünürlər, amma eyni əsas narrativləri yayırlar. Kreml üçün ən böyük uğurlardan birinin bu baxışların Qərbə daşınmasıdır. Bu, birbaşa deyil, “Putinə alternativ” kimi qəbul edilən sol-liberal rus siyasətçilər və ekspertlər vasitəsilə edildi. Qərb illərlə eşitdi ki, “hər şey o qədər də birmənalı deyil”, “Rusiya tərəf deyil, vasitəçidir”. Bu yanaşma uzun müddət işlədi. O cümlədən Azərbaycan üçün də”.
Professor hesab edir ki, dönüş nöqtəsi Azərbaycanın problemin mahiyyətini düzgün dərk etməsi ilə başladı:
“Birinci Qarabağ müharibəsi dövründə informasiya strategiyası yox idi. İkinci Qarabağ müharibəsinə qədər isə vəziyyət köklü şəkildə dəyişdi. Rəsmi Bakı sistemli dövlət informasiya siyasəti qurdu, xarici auditoriyalarla işləməyə başladı və “neytral” rus spikerlər barədə illüziyalardan imtina etdi. Nəticədə, 44 günlük İkinci Qarabağ müharibəsində hərbi Qələbə ilə yanaşı, informasiya cəbhəsində də ciddi dönüş əldə olundu. Ermənimərkəzli yanaşma həm postsovet məkanında, həm də Qərbdə böyük ölçüdə neytrallaşdırıldı”.
Ramiz Yunus əsas nəticəni belə ifadə edib:
“Kremlə qarşı parçalanmış şəkildə mübarizə aparmaq mümkün deyil. Gürcüstan yalnız özünü, Ukrayna yalnız özünü, Moldova yalnız özünü düşündükcə, Moskvadakı sistem vahid orqanizm kimi işləməyə davam edəcək. Bu həqiqət, xüsusilə 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra açıq şəkildə üzə çıxdı”.
Ramiz Yunus sonda postsovet ölkələrinə çağırış edib:
“Əgər infoməkanın koordinasiyalı və sistemli müdafiəsi qurulmasa, tarix fərqli coğrafiyalarda, fərqli bəhanələrlə, amma eyni nəticə ilə yenə və yenə təkrarlanacaq”.
Professor fikrini britaniyalı yazıçı Corc Oruellin sitatı ilə yekunlaşdırıb:
“Keçmişə nəzarət edən gələcəyə nəzarət edir. İndiyə nəzarət edən isə keçmişə nəzarət edir”.
Qiymət Mahir
tag: Ramiz Yunus,Qarabağ,Müharibə,Rusiya,Ukrayna,Gürcüstan,Todaypress.tv,
