Regionda qüvvələr balansı dəyişdi: “3+3” formatı “2+1+1” ilə əvəzləndi – Gürcü ekspertdən ŞOK İDDİA

Təhlil

14.08.2025 15:16

“Vaşinqton görüşü artıq Cənubi Qafqazda qüvvələr balansını dəyişərək, “3+3” formatını arxa plana atıb”. 

Gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya bunu TodayPress TV-yə danışarkən bildirib. 

O, Vaşinqtonda keçirilən görüşün nəticələrini müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu hadisə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində irəliyə doğru atılmış böyük bir addımdır. 

"Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması 1920-1921-ci illərin tarixi yaddaşının bərpasıdır. Bu zaman üç müstəqil dövlət bütün xarici təhlükələrə qarşı birgə mübarizə aparıblar. Bugün tarixi reallıq yenidən təkrarlanır". 

Siyasətçinin fikrincə, Vaşinqton görüşü artıq regiondakı qüvvələr balansını dəyişib və Rusiyanın iştirakı ilə yaradılmış “3+3” formatını faktiki olaraq geri plana atıb. 

Ekspert qarşılıqlı əməkdaşlıq üçün “2+1+1” formatını təklif edib. Burada “2” Azərbaycan və Ermənistanı, “1” regional güc kimi Türkiyəni, digər “1” isə beynəlxalq aktor kimi ABŞ-ni ifadə edir.  

Hərbi ekspert diqqətə çatdırıb ki, gələcəkdə bu mexanizmə Avropa İttifaqı (Aİ) və Gürcüstanın da qoşulması mümkündür.  

O bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan üçün nəqliyyat və ticarət əlaqələrinin təminində mühüm rol oynayır. Gürcü geosiyasi məktəblərinin hazırladığı yeni “Qafqaz geostratası” konsepsiyasının isə dinc yanaşı yaşamanın əsası kimi nəzərdən keçirilməsini təklif edib. Bu konsepsiya regionu müxtəlif sivilizasiyaların və dövlətlərin qarşılıqlı əlaqə qurduğu “sülh adasına” çevirməyi hədəfləyir. 

V.Maisaya Zəngəzur dəhlizinin Gürcüstan marşrutlarına rəqib olacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: 

“Əksinə, bu dəhliz ölkənin kommunikasiya imkanlarını gücləndirəcək. Ukraynadakı müharibə və İran-İsrail münaqişəsi səbəbindən şimal və cənub nəqliyyat yollarının faktiki olaraq bağlandığı şəraitdə bu marşrut xüsusi əhəmiyyət kəsb edir. 

Hətta, Zəngəzur dəhlizi Çinin “Bir kəmər - bir yol” layihəsinin və Antverpen limanını Mumbayla birləşdirən Amerikanın “Qərb-Cənub” iqtisadi sxeminin bir hissəsi ola bilər. 

Zəngəzur və Gürcüstan dəhlizləri bir-birini tamamlayacaq və regionun imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Belə ki, marşrutun ilkin yükdaşıma qabiliyyəti ildə 8-10 milyon ton olacaq, 5 il ərzində 20 milyon tona yüksələcək. Logistika xərcləri isə 35% azalacaq”. 

Onun qənaətincə, Rusiya bu layihəyə qarşı açıq düşmən mövqe tutacaq və işğal olunmuş Abxaziyada dəmir yolu xəttinin açılmasına təkan verməklə Gürcüstana təzyiqi artıracaq.  Lakin bütün bu təzyiqlərə baxmayaraq, region ölkələrinin birgə iradəsi layihənin həyata keçməsini təmin edə bilər:

“Bu layihə Cənubi və ya Mərkəzi Qafqazı əsas beynəlxalq tranzit və kommunikasiya habına çevirə biləcək mühüm siyasi, iqtisadi və strateji dividentlərə malikdir”, - deyə siyasətçi fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

tag: Vaxtanq Maisaya,Hərbi-siyasi ekspert,Cənubi Qafqaz,Qüvvələr balansı,Todaypress.tv,

photo