Paşinyanın “kreslosu laxlayır”: Proses nə ilə nəticələcək?

Təhlil

30.06.2025 17:47

“Ermənistanın Baş naziri Nikol Paşinyan gec-tez erməni kilsəsi üzərində hökmranlığa nail olacaq”.

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, kilsənin erməni toplumunun bütün hüceyrələrinə işlədiyi bəllidir:

“Erməni kilsəsi erməni toplumunu bütün sferalarda idarə edirdi.  Kilsənin ideoloji olaraq ermənilərin gələcəkdə və indi atacağı addımlarda rol aldığı, bu addımları idarə etdiyi bir gerçəklik idi. Hərbiçilərin cəbhəyə getməsindən tutmuş, yeni hərbi və digər obyektlərin açılışlarında erməni keşişlərinin onları təqdir etməsi, kilsənin “müqəddəs ruhunun” mənəvi olaraq onların üzərində olduğunu göstərməsi müşahidə olunurdu. Bu, kilsənin erməni toplumunda bilavasitə kölgə idarə orqanı səviyyəsində fəaliyyət göstərdiyini sübut edir”.

A. Qasımovun fikrincə, Paşinyanın atdığı addımlar ölkədə iki hakimiyyətliliyə son qoymaq niyyətindən xəbər verir:

“O, din faktorunu erməni toplumunun şüurundan və gündəliyindən çıxarmağa çalışır. Paşinyanın din xadimlərini toplumun gözündən salmaq üçün onların yalanlarını üzə çıxarması da həmin şəxslərin xalqı aldatdığını və onların arxasınca getməyin yanlış olduğunu göstərmək üçündür. II Qaragen və digər din xadimlərinin uşaqlarının olması ilə bağlı məlumatların gündəmə gətirilməsi də bu məqsədə xidmət edir”.

Ekspert qeyd edir ki, Paşinyan üzərinə çətin bir iş götürüb:

“Dini dairələrin arxasında həm güclü lobbi, həm də siyasi çevrələr dayanır. Paşinyan demək olar ki, imkansız bir işə girişib. Amma onun əmrlərini yerinə yetirən qüvvələrin – yəni kilsə ilə mübarizədə göstərişlərinə əməl edən güc strukturları və kəşfiyyat orqanı əməkdaşlarının mövcudluğu onu göstərir ki, Paşinyanın da erməni toplumunda az sayda olmayan dəstəkçiləri var. Bu baxımdan hesab etmək olar ki, Paşinyan gec-tez erməni kilsəsi üzərində siyasi hökmranlığa nail olacaq və kilsənin erməni toplumunun gələcəyini məhv etməsinə imkan verməyəcək”.

Qeyd edək ki, Ermənistanda dövlət çevrilişi cəhdi ilə bağlı həbslər davam edir. 

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Paşinyan,Kreslo,Todaypress.tv,

photo